“Bərabər hüquqlarımız” layihəsi çərçivəsində kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakı mövzusu müzakirə edilib

16 avqust 2021

Paylaş:

16 avqust 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM) Qobustan, İsmayıllı, Siyəzən, Qax,  və Qazax Nümayəndəliklərinin birgə təşkil etdiyi “Bərabər hüquqlarımız” layihəsi çərçivəsində “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi  və sosial  həyatda iştirakı” mövzusunda növbəti onlayn tədbir keçirilib.

Görüşdə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin əməkdaşı Hafiz Namazov layihə haqqında, Qadın problemləri və gender məsələləri şöbəsinin əməkdaşı Sədaqət Rəhimova isə Komitənin kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi istiqamətində gördüyü işlərlə bağlı məlumat verib. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) layihə meneceri Vüsalə Qarayeva USAID-in maliyyələşdirdiyi, Dövlət Komitəsi ilə BMTİP tərəfindən birgə həyata keçirilən “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” adlı layihə barədə təqdimatla çıxış edib.

Tədbirdə GİKM-in adı çəkilən bölgələr üzrə nümayəndəliklərinin əməkdaşları və üzvləri, o cümlədən könüllülər iştirak edib.

Sonda iştirakçıların sualları cavablandırılıb.