“Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” nəşr edilib

12 avqust 2021

Paylaş:

Dövlət idarəetməsində və qərarqəbuletmədə gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlərin davamı olaraq, Azərbaycan Respublikasında ilk dəfə “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” metodik vəsaiti nəşr edilib. Material Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət İmtahan Mərkəzinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə hazırlanmış və çap edilmişdir.

Kurikulum üçün beynəlxalq (İSBN) və elmi kod alınmışdır. Vəsait Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin 10 iyun 2021-ci  il tarixli, 91 nömrəli əmri ilə təsdiq edilmiş, eyni zamanda Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Elmi Şurasının 22 iyun 2021-ci il tarixli, 7 nömrəli Protokolu ilə Kurikulum kimi təsdiq edilmişdir.

 “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun, eləcə də “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT Konvensiyasının müvafiq bəndlərinin icrası məqsədilə hazırlanan Kurikulum bu sahədə yaxşı təcrübənin formalaşdırılması, səmərəli idarəçilikdə gender bərabərliyinin daha yaxşı təşviq edilməsi, dövlət qulluğuna qəbul zamanı sualların gender analizinin aparılması, dövlət qulluqçularının gender bərabərliyi sahəsində təlimatlandırılması və gender məsələlərinə dair həssaslığın artırılması, dövlət qulluğu sistemində gender bərabərliyinin təmin edilməsi sahəsində bərabər imkanlar, iş yerində seksual qısnama hallarının aradan qaldırılması istiqamətində görüləcək tədbirlər barədə onların məlumatlandırılması və digər məsələlər baxımından əhəmiyyətlidir.

Kurikulum “Konseptual Mövqe”, “Kurikulumun Məqsədləri, Prinsipləri və Məzmunu”, “Dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi” adlı 3 fəsildən və “Kurikulumun icrasının təmin edilməsi ilə bağlı Tövsiyələr”dən ibarətdir. Vəsait beynəlxalq təcrübəyə əsasən hazırlanmışdır.

Kurikulum əhatə etdiyi məsələlərin genişliyi və əhəmiyyəti baxımından dövlət qulluğu sistemində rəhbər və digər vəzifələrdə gender bərabərliyinin təmin edilməsinə mühüm töhfə verəcəkdir. Vəsait dövlət qulluqçuları, bələdiyyələr, tələbələr, müvafiq fənləri tədris edən müəllimlər, elmi işçilər, hüquqşünaslar, ümumiyyətlə, dövlət idarəçiliyində gender məsələsi ilə maraqlanan oxucular üçün faydalı informasiya mənbəyi hesab olunur.

Aşağıdakı linkə daxil olmaqla Kurikulumla tanış ola bilərsiniz.

 http://www.scfwca.gov.az/.../D%C3%B6v%C9%99t%20Qullu%C4...