“Əziz balalarım, Ailə müqəddəsdir. Ailənizin təməlini möhkəm qurun. Möhkəm təməl qarşılıqlı hörmətdən başlayır. Bir-birinizə güzəşt etməyi bacarın" - 70 il birlikdə ömür sürən Mirzəbəyovlar ailəsi

13 avqust 2021

Paylaş:

Azərbaycanın qədim köklərə dayanan tarixi və zəngin ailə dəyərləri, eləcə də nümunəvi ailə modeli var.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə dəyərlərinin geniş təşviqi məqsədilə milli-mənəvi və ailə dəyərlərini yaşadaraq gənclərə nümunə olan ailələri cəmiyyətə təqdim etmək məqsədilə həyata keçirilən “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihə çərçivəsində mütəmadi olaraq, Azərbaycanın müxtəlif regionlarında yaşayan nümunəvi ailələr haqqında məlumatlar və həmin ailələrin gənclərə olan nəsihəti ilə sizləri tanış edəcəyik. Yaşlı nəslin xatirə və təcrübələrinə əsaslanan bu vacib fikirlər, məsləhətlər ailə münasibətlərinin düzgün qurulması istiqamətində qarşılaşdığımız çətinliklərin həllində dəyərli və əhəmiyyətlidir.

Layihəmizin bugünki qonağı Quba rayonundan Mirzəbəyovlar ailəsidir. 70 il birlikdə ömür sürən Şirinbəy Mirzəbəyov və Səbiyyə Mirzəbəyova 1951-ci ildən nikaha daxil olaraq ailə həyatına qədəm qoymuşdurlar. Bu nikahdan ailənin 5 qız və 5 oğlan olmaqla 10 övladı dünyaya gəlmişdir. Hazırda nənə-babanın 34 nəvəsi, 60 nəticəsi və 34 kötükçəsi var.

Mirzəbəyovlar ailəsinin milli-mənəvi dəyərləri təcəssüm etdirərək, uzunömürlü və şərəfli həyat yolu keçməsi gənclərə parlaq örnəkdir. Hər zaman halal zəhmətləri ilə ailəsini dolandıran Mirzəbəyovlar el-oba arasında hörmət və izzət qazanıblar.

Ailənin uzunömürlülüyünün sirri zəngin ailə dəyərlərinə bağlılıq, qarşılıqlı hörmət və sevgi üzərində qurulmasına əsaslandığını qeyd edən Şirinbəy müəllimin və Səbiyyə xanımın böyüklərə hörmət, uşaqlara qayğı, ailə dəyərlərinə sadiq kimi keyfiyyətlərə malik övladlar böyütməsi onların necə məsuliyyətli, qayğıkeş, müdrik, diqqətli valideynlər olduğunu göstərir. Gənc yaşlarında ailə quran Mirzəbəyovlar qeyd edirlər ki, həyatı birlikdə öyrəniblər: “Həyatın yolları həmişə düz, stabil və asan olmur. Çətinliklərin öhdəsindən hər zaman birlikdə gəlməyə çalışmış, birgə mübarizə aparmışıq. Çünki bizi qarşıda daha uzun yolların gözlədiyini bilirdik. Həmişə səbr etmişik və çətin günlərin ömrünün az olacağına inanmışıq. Ailəmizin uzunömürlülüyünün sirri də elə xoş günlərə birgə sevinib, çətində bir-birimizə arxalanmağımız, həyat yüklü məsələlərdə birgə qərar verməyimiz olub” - deyə Şirinbəy müəllim vurğulayıb.

Övladlarına qarşı heç bir ayrı-seçkilik etmədən, fərq qoymadan böyüdən Şirinbəy müəllim və Səbiyyə xanım cəmiyyətə layiqli vətəndaşlar yetişdirmək üçün əllərindən gələni əsirgəməyiblər. Onlar sağlam, tərbiyəli, ağıllı, zəhmətkeş uşaqlar böyütdüklərinə görə özlərini dünyanın ən zəngin insanlarından hesab edirlər və övladları ilə fəxr edirlər: “Övladlar ailənin güzgüsüdür. Bu güzgünün səni necə göstərcəyi elə sənin özünüdən asılıdır. Mən öz 70 illik təcrübəmə güvənib deyirəm ki, əgər el-oba içində hörmətli bir ailənin sahibi olacaqsansa birinci həyat yoldaşına hörmət edəcəksən. Çünki uşaqlar da böyüyə necə hörmət etmək lazım olduğunu elə sənin özündən öyrənir. Gəncliyimizdə hər əziyyətinə qatlaşdığımız balalarımız bu gün özləri böyük ailə sahibləri olub oğul-uşaqları ilə birgə hər sözümüzü qanun bilib, hər nazımıza dözürlər.”

 

Nənə-babamızın gənclərə olan dəyərli nəsihəti və həyat devizi ilə sizləri tanış etmək istərdik.

 

"Böyük ailə böyük də məsuliyyətdir. Əziz balalarım, Ailə müqəddəsdir. Ailənizin təməlini möhkəm qurun. Möhkəm təməl qarşılıqlı hörmətdən başlayır. Bir-birinizə güzəşt etməyi bacarın"

“Ailənin uzunömürlülüyünün sirri xoş günlərə birgə sevinib, çətinliklərdə bir-birinizə arxalanaraq həyati məsələlərdə birgə qərar verməyi bacarmaqdır”

“Övladlarınız arasında heç bir fərq qoymamaq vacibdir”

“Ailənin ruzisini halal zəhmətlə qazanmaq və bunu övladlara da aşılamaq lazımdır”.