Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “açıq qapı” günü keçirilib
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “açıq qapı” günlərinin keçirilməsinə başlanılıb. Avqust ayının 5-də COVİD -19 pandemiyası dövründə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Bakının Xəzər və Nərimanov rayonunda, eləcə də Goranboy, Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Zərdab, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Masallı, Qusar, Xaçmaz, Tovuz, Tərtər, Ağcabədi, Füzuli rayonlarında Uşaq və Ailələrə Dəstək Mərkəzi və İcma Resurs Mərkəzlərinin, həmçinin könüllü mütəxəssislərin iştirakı ilə “açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə müxtəlif problemlərlə bağlı 457 müraciət dinlənilib, vətəndaşlara psixoloji, hüquqi və sosial dəstək göstərilib. Müraciətlər arasında ailədaxili münasibətlərin tənzimlənməsi, uşaq və yeniyetmələrin davranışında mənfi hallar, uşaqlarda sosial adaptasiyasının pozulması, sosial şəbəkə və virtual oyunlardan asılılıq, sağlamlıq imkanları məhdud ailə üzvünə qayğı göstərilməsi, əlillik dərəcəsinin dəyişdirilməsi, hüquqi məsləhətlərin verilməsi, loqopedik xidmətin göstərilməsi və s. kimi məsələlər xüsusi yer almışdır.
Qeyd edək ki, növbəti aylarda da “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulub və bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi saytında və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.