Komitə könüllülərinə maarifləndirici təlimlər keçirilir
Paylaş:
03 avqust 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində Komitə könüllüləri üçün maarifləndirici təlim keçirilib.
Təlimlər çərçivəsində ailə, qadın və uşaq məsələlərini əhatə edən aktual mövzular ətrafında müzakirələr aparılıb, eyni zamanda Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti barədə təqdimatlar nümayiş etdirilib.
Təlimçi qismində çıxış edən Komitənin Regional Mərkəzlərlə iş şöbəsinin müdir müavini Aydın Rəcəbli “İcma əsaslı xidmət: Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti” mövzusunda çıxış edərək, həyata keçirilən mühüm tədbirlər, hazırlanmış maarifləndirici çap materialları barədə məlumatları diqqətə çatdırıb.
Daha sonra Xarici əlaqələr və protokol xidməti şöbəsinin məsləhətçisi Nərgiz Həsənli uşaq hüquqları mövzusunda çıxış edərək, uşaqların cins seçiminin demoqrafik, emosional və psixoloji təsirləri barədə iştirakçılara məlumat verib, eyni zamanda Koreya Respublikasının bu istiqamətdə müsbət təcrübəsini bölüşüb.
Yekunda könüllüləri maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.