Bakı şəhəri Xəzər rayonunda qadınlarla görüş keçirilib

3 avqust 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə 2 avqust 2021-ci il tarixində Bakı şəhəri Xəzər rayonunda yerləşən Qadın Resurs Mərkəzində  görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd Qadın Resurs Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, erkən nikahların qarşısının alınmasına mərkəzin vaxtında müdaxiləsi üçün rayon İcra Hakimiyyəti yanında yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu ilə əlaqələri gücləndirmək, eyni zamanda Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təcrübələrindən yararlanaraq birgə fəaliyyət göstərməsini təmin etmək idi.

Görüşdə Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya və BMTİP-nın layihə rəhbəri Vüsalə Qarayeva iştirak edib.

Görüş zamanı kiçik biznes sahibləri olan qadınların pandemiya dövründə həyata keçiridikləri fəaliyyətləri, eyni zamanda qarşılaşdıqları problemlərlə bağlı müzakirələr aparılıb. Görüşə onlayn formada qoşulan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva, AQSİA barədə məlumat verərək qadınların fəaliyyətlərinin inkişaf etdirilməsi istiqamətində suallarını cavablandırıb.