1-7 avqust – Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsidir

2 avqust 2021

Paylaş:

Erkən uşaqlıq dövrünün inkişafı üçün ana südü ilə qidalanma ən vacib faktorlardan biridir. Körpələrin ana südü ilə qidalanmasının əhəmiyyətinin artırılması, ana südü ilə qidalanmanın üstünlükləri və körpələrin inkişafındakı vacib rolu, eyni zamanda süni qidaların riskləri barədə valideynlərin məlumatlandırılması istiamətində ölkəmizdə mütəmadi olaraq genişmiqyaslı maarifləndirmə işləri həyata keçirilir.
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində körpələrin sağlam qidalanması və böyüməsi üçün ana südünün əhəmiyyətinin artırılması istiqamətində tədbirlərin keçirilməsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əsas prioritet istiqamətləri kimi müəyyən edilmişdir. Fəaliyyət Planında ana südü ilə qidalanmanın əhəmiyyətini təbliğ edən mühüm tədbirlərin həyata keçirilməsi məsələsinə xüsusi yer ayrılmışdır.
Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT Uşaq Fondu və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə erkən uşaqlıq dövrünün inkişafı üzrə geniş təşviqat işlərini nəzərdə tutan maarifləndirmə layihəsi həyata keçirilir.
Uşaqların gələcək sağlamlığı ana südü ilə qidalanmadan başlayır. Anaları uşaqlarının inkişafı üçün ana südünün əvəzəolunmazlığını nəzərə alaraq, bu məsələyə xüsusi diqqətlə yanaşmağa çağırırıq.