Uşaqların yay istirahətinin səmərəli təşkili məqsədilə tədbirlərin keçirilməsi davam etdirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqların yay istirahəti və asudə vaxtlarının səmərəli təşkili məqsədilə silsilə tədbirlər həyata keçirilir.
Tədbirlərdə UADM-in əməkdaşları, benefisiarlar və mərkəzlərin könüllüləri iştirak edir.
Mərkəzlərdə təşkil olunan tədbirlərdə uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən bilik, bacarıq və vərdişlərin aşılanması, o cümlədən ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, oxuma və yazma qabiliyyətinin daha mükəmməl şəkildə formalaşdırılması istiqamətində məşğələlər keçirilir.
Mərkəzlərin yerləşdiyi şəhər və rayonların park və istirahət yerlərində, açıq havada mütəmadi olaraq uşaqların sağlamlığının qorunması və fiziki inkişafına kömək edən idman oyunları da təşkil edilir.
Uşaqlar Heydər Əliyev Mərkəzləri, rayon Tarix-diyarşünaslıq muzeylərini ziyarət edirlər.
Qeyd edək ki, tədbirlərin təşkil edilməsində rayon Gənclər və İdman İdarələri, Heydər Əliyev Mərkəzləri, Gənclərin İnkişaf və Karyera Mərkəzləri, təhsil müəssisələri, uşaq bağçaları, qeyri-hökumət təşkilatları aktiv iştirak edirlər. Keçirilən bütün tədbirlər uşaqlar və onların valideynləri tərəfindən məmnunluqla qarşılanır. Uşaqların yay istirahətinə həsr olunmuş layihələrin avqust ayında da davam etdirilməsi nəzərdə tutulur.