Qadın Resurs Mərkəzlərində görüş keçirilib

23 iyul 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının  birgə əməkdaşlığı ilə Biləsuvar, Masallı, Sabirabad,  Salyan Qadın Resurs Mərkəzlərində görüşlər keçirilib. Resurs Mərkəzlərinin yerləşdiyi rayonlarda gender və uşaqlara qarşı zorakılığın, erkən nikahların qarşısının alınması, riskli ailələrin müəyyən olunması və lazımi dəstəyin göstərilməsi məqsədilə keçirilən  görüşlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, BMT-nin İnkişaf Proqramının layihə rəhbəri Vüsalə Qarayeva və digər əməkdaşları, icra hakimiyyəti  başçılarının müavinləri, icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən “Gender və uşaq zorakılığının qarşısının alınması üzrə Monitorinq Qrupu”nun rəhbərləri və əməkdaşları, Resurs Mərkəzlərinin koordinatorları və üzvləri iştirak edib.

Görüşlərdə Qadın Resurs Mərkəzlərinin qadınlarla biznes fəaliyyəti ilə yanaşı yerləşdikləri rayonlarda erkən nikah hallarının, məişət zorakılığının qarşısının alınması istiqamətində fəaliyyətlərini genişləndirmək və bu sahədə onların yeni bacarıqlarının artırılması təlimlərinə cəlb olunması nəzərdə tutulub, Mərkəzlərin koordinatorlarının icra hakimiyyəti orqanlarındakı “Gender və uşaq zorakılığının qarşısının alınması üzrə Monitorinq Qrupu”ları ilə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Resurs Mərkəzlərində psixoloq və hüquqşünasların fəaliyyəti bu istiqamətdə problemlərin araşdırılması və preventiv tədbirlərin görülməsi işinə töhfə verib. Eyni zamanda Resurs Mərkəzlərinin Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təcrübələrindən yararlanaraq birgə fəaliyyət göstərməsinin məqsədəuyğun olduğu bildirilib.

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva görüşlərə onlayn şəkildə qoşularaq Resurs Mərkəzlərinin üzvləri olan, biznes fəaliyyətlərinə dəstək göstərilən qadınların Assosiasiyaya üzv olması üçün qaydalar və perspektivlər haqqında iştirakçılara məlumat verib.

Görüşlər zamanı mərkəzlərin üzvü olan qadınların məşğul olduğu biznes sahələri, əldə etdikləri uğurlar, fəaliyyətlərini genişləndirmək və təkmilləşdirmək istiqamətində onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.