Zərifə xanım Əliyevanın 93-cü ildönümünə həsr olunmuş respublika üzrə “Qələbəyə doğru” intellektual yarışının final oyunu keçiriləcəkdir

28 aprel 2016

Paylaş:

Aprelin 28-i Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik,  oftalmoloq alim, fədakar ana Zərifə xanım Əliyevanın doğum günüdür. İnsanlara  təmənnasız sevinc bəxş edən Zərifə xanım vəfalı, sədaqətli  ömür–gün yoldaşı, humanist, alicənab bir qadın kimi hər bir azərbaycanlının yaddaşında daim yaşayır. Xalqımız qəlblərdə dərin iz salmış bu müdrik insanın nurlu xatirəsini həmişə əziz tutur.

ffff

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlər keçirir.

Zərifə xanım Əliyevanın 93-cü ildönümünə həsr olunmuş respublika üzrə “Qələbəyə doğru” intellektual yarışa 29 mart 2016-cı ildə start verilmişdir. 29 mart-19 aprel 2016-cı il tarixlərində 9 regionda Azərbaycanın bütün şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə regional seçim turları keçirilmiş, seçim turlarında fərqlənən 12 komanda final yarışında iştirak hüququ qazanmışdır.

Final oyunu 28 aprel 2016-cı il, saat 11:00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəsimi rayonu İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (ünvan: Yasamal rayonu, Hüseyn Cavid prospekti 129) keçiriləcəkdir.

Qeyd edək ki, hər bir komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 nəfər məktəbli təmsil olunur.

Final yarışında I, II, III yerin qalibləri olan komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq,  I yerin qalibi olmuş komandaya Komitə tərəfindən “Qələbəyə doğru” kuboku təqdim olunacaqdır.

Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr həsr olunmuş “Nur dolu ömür” adlı filmin nümayişi ilə başlayacaq, rəsmi hissədən sonra yarışa start veriləcəkdir.

Tədbirdən öncə Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarüstü abidəsi ziyarət ediləcəkdir.

Qeyd olunan tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini tədbiri işıqlandırmağa dəvət edirik.