“Erkən nikah" mövzusunda onlayn maarifləndirici təlim keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qaradağ Gənclər Evinin birgə təşkilatçılığı ilə 22 iyul 2021-ci il tarixində "Erkən nikah" mövzusunda onlayn maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Qaradağ Gənclər Evinin əməkdaşı Aydın Abbaslı iştirakçıları salamlayaraq, mövzunun əhəmiyyətindən bəhs edib.
Daha sonra Ailə problemləri şöbəsinin aparıcı məsləhətçisi Müseyib Şirəliyev təqdimatla çıxış edərək, erkən nikaha səbəb olan risk faktorları, erkən nikahın fəsadları, ölkəmizdə və dünyada erkən nikahlara dair statistik məlumatlar, qəbul edilmiş sənədlər barədə məlumat verib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nı diqqətə çatdıran M.Şirəliyev Komitə tərəfindən bu sənədin icrası istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib.
Tədbirdə Qaradağ Gənclər Evinin üzvləri, fəal gənclər, eyni zamanda Dövlət Komitəsinin könüllüləri iştirak edib.