Əhali məlumatları daha çox sosial media vasitəsilə əldə edir – Komitə tərəfindən keçirilən sorğunun nəticələri
Paylaş:
Ailə, qadın və uşaq məsələləri ilə bağlı əhali arasında maariflənmənin aparılmasında, məlumatların ictimaiyyətə operativ və düzgün çatdırılmasında medianın vacib rolunu nəzərə alaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ictimaiyyətin bu mövzuda fikirlərini öyrənmək və media ilə gələcək əməkdaşlığın daha səmərəli qurulması məqsədilə əhali arasında onlayn sorğu keçirdi.
6 iyul 2021-ci il tarixindən başlayaraq, 10 gün ərzində “Ailə, qadın və uşaq məsələləri ilə bağlı məlumatları daha çox hansı kütləvi informasiya vasitəsindən əldə edirsiniz?” mövzusunda keçirilən sorğuda 71,4% qadın və 28,6% kişi olmaqla, ümumilikdə, 441 respondent iştirak etdi.
Sorğunun nəticələri daha çox deməyə əsas verdi ki, əhali gündəlik məlumatları ənənəvi media ilə yanaşı, həm də onlayn və sosial media vasitəsilə əldə edir. Belə ki, iştirak edənlərin səslərinin 75.7%-i onlayn media/sosial şəbəkələr, 24%-ni televiziya, 0,3%-i isə radio təşkil edib.
Sorğu iştirakçıları qeyd etdikləri media qurumunu seçmə səbəblərini - operativ olması (33,6%), rəsmiliyi (32,9%), doğru/dəqiq olması (32,7%), aktuallığı (27,7%), dolğun/ətraflı olması (27,2%), maarifləndirici olması (19%), insan hüquqlarına hörmət edilməsi (17,2%), maraqlı/əyləncəli olması (17%), etik qaydalara riayət edilməsi (15,9%), zərərli informasiyaların qarşısının alınması (9,3%), cinsi ayrı-seçkiliyə yol verilməməsi (8,4%), milli-mənəvi dəyərlərin təbliğ edilməsi (8,4%) və digər meyarlara əsasən olduğunu bildiriblər.
Ailə, qadın və uşaq məsələlərinə aid informasiyaları televiziyadan əldə edənlərin təxminən 65%-i daha çox xəbər buraxılışlarını, digərləri isə sosial layihələri izlədiklərini qeyd ediblər.
Sorğunun nəticəsindən aydın olur ki, insanların 80%-ə yaxını məlumatları internet vasitəsilə əldə edir. Burada isə az qisim onlayn medianı (xəbər saytları) qeyd etdiyi halda, üstünlük xəbər saytlarının sosial şəbəkə hesablarının payına düşür. Belə ki, 40% “instagram”, 22% “facebook”, qalanı isə “telegram”, “youtube”, “twitter” olaraq qeydə alınıb.
Komitə də öz fəaliyyətində ənənəvi media ilə yanaşı, cəmiyyətə təsir imkanlarını nəzərə alaraq, sosial media ilə də əməkdaşlığa önəm verir. Komitənin rəsmi sosial şəbəkə hesablarına edilən hər bir müraciət operativ qaydada cavablandırılır, eyni zamanda sosial şəbəkələrdə yayılan aidiyyəti informasiyalara dərhal reaksiya verilir.
Qeyd edək ki, “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-2023-cü illər üzrə Kommunikasiya Strategiyası”nda da kütləvi informasiya vasitələri, eləcə də onlayn və sosial media ilə əməkdaşlığa xüsusi yer ayrılıb.
Dövlət Komitəsi olaraq, bütün media nümayəndələrini 22 İyul – Milli Mətbuatımızın yaranmasının 146-cı ildönümü münasibətilə təbrik edir, ailə, qadın və uşaq məsələləri ilə bağlı informasiyalara diqqətlə yanaşmağa çağırır, milli-mənəvi, eləcə də ailə dəyərlərini təşviq edərkən, insan hüquqlarına hörmətlə yanaşılması, konfidensial məlumatların yayılma qaydalarına əməl edilməsində xüsusi həssaslıq nümayiş etdirməyə dəvət edirik.