Tvinninq layihəsinin İdarəetmə Komitəsinin 4-cü iclası keçirildi

7 iyul 2021

Paylaş:

7 iyul 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsinin İdarəetmə Komitəsinin onlayn formatda 4-cü iclası keçirilib.

İdarəetmə Komitəsinin iclasında Dövlət Komitəsini, Litva və Avstriya tərəfindən layihəni icra edən təşkilatları təmsil edən layihə rəhbərləri, AQUPDK-nın və icraçı təşkilatların layihənin icrasına cəlb olunmuş əməkdaşları, eləcə də Avropa İttifaqının Bakı nümayəndəliyinin əməkdaşları iştirak ediblər. 

Benefisiar üzrə layihə rəhbəri və Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirakçıları salamlayaraq, iclası açıq elan edib və layihə çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Komitənin mövqeyini diqqətə çatdırıb.

Litvanı təmsil edən layihə rəhbəri Audra Mikalauskaitė  və xanım Sabine Mandl çıxış edərək, benefisiarın layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlərlə bağlı təkliflərini dəstəklədiyini bildirib və qeyd edib ki, bu təkliflərin Avropa İttifaqı tərəfindən rəsmiləşdirilməsinə ehtiyac var.

Öz növbəsində, layihənin Rezident Tvinninq Müşaviri Laurynas Totoraitis layihənin icrası istiqamətində cari ilin mart ayından may ayına qədər görülmüş işləri  iclas iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Avropa İttifaqının Bakı Nümayəndəliyinin əməkdaşı Məryəm Hacı-İsmayılova hesabat və layihənin qarşıdakı dövrünü əhatə edən İş Planı ilə bağlı öz fikirlərini bildirib.

Sonda Sədaqət Qəhrəmanova bütün görüş iştirakçılarına təşəkkür edərək iclası bağlı elan edib.

Qeyd edək ki, Tvinninq layihəsinin məqsədi Avropa İttifaqı standartlarına uyğunlaşma prosesində məişət zorakılığı qurbanlarının hüquqi müdafiəsini və onlara dəstəyi gücləndirməkdən ibarətdir.