“Ailə strategiyası” layihəsinin müzakirələri davam edir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı “Ailə strategiyası” layihəsinin növbəti müzakirəsi 5 iyul 2021-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təşkil edilib.
Giriş sözü ilə çıxış edən akademik Gövhər Baxşəliyeva bu vacib sənədin əhəmiyyətini vurğulayaraq müzakirə üçün təqdim olunanlayihələrin müsbət rəylər doğurduğunu, eyni zamanda AMEA-nın müvafiq institutları tərəfindən bir sıra təkliflərin təqdim edildiyini bildirib.
Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Komitə tərəfindən hazırlanan “Ailə strategiyası” layihəsi çərçivəsində dövlət orqanları, vətəndaş cəmiyyəti, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinin və ekspertlərinin iştirakı ilə keçirilən bütün müzakirələrin layihənin təkmilləşdirilməsində əhəmiyyətli olduğunu qeyd edib. O, daha keyfiyyətli bir sənədin hazırlanmasında elmi yanaşmanın vacibliyini vurğulayıb.
Görüş zamanı AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, İqtisadiyyatİnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Şahbaz Muradov, AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru Zemfira Hacıyeva, AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru Habil Qurbanov, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru Kərim Şükürov, AMEA Qadınlar Şurasının müdir müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli çıxış edərək təklif və tövsiyələrini bildiriblər. Müzakirələr zamanı strategiyada əksini tapan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda ailə institutunun inkişafı, ailə məhkəmələri, ailədə valideyn məsuliyyətinin artırılması, reproduktiv sağlamlıq, ailələrin sosial təminatının gücləndirilməsi, ailə psixoloqu institunun yaradılması, ailə dəyərləri mövzusunda teleradio məhsullarının, xüsusilə bədii filmlərin, serialların, maarifləndirici xarakterli sosial çarxların hazırlanması, ailədə mütaliə ənənəsinin təbliği və digər məsələlərlə bağlı iştirakçıların təklif və tövsiyələri dinlənilib.
Sonda layihə üzərində işin davam edəcəyini vurğulayan Aynur Sofiyeva təklif və tövsiyələrin nəzərə alınacağını diqqətə çatdırıb və görkəmli elm xadimlərinin iştirakı ilə keçirilən müzakirədə səslənən dəyərli fikirlərə görə təşəkkürünü bildirib.