Valideynlərlə ünsiyyət mövzusunda növbəti tədbir könüllü ailələrlə keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə könüllüləri” layihəsi çərçivəsində 24 iyun 2021-ci il tarixində Qusar, Şamaxı, Zərdab, Biləsuvar, Hacıqabul, Astara, Tərtər, Bərdə, Füzuli, Qazax rayonlarını və Yevlax şəhərini, Bakının Suraxanı rayonunu təmsil edən könüllü ailələrlə (15 ailə) birgə “Valideynlərlə qarşılıqlı ünsiyyət effektiv formalardan biri kimi” mövzusunda onlayn görüş keçirilib.
Tədbirdə Komitənin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova valideyn-uşaq münasibətlərindən, bu münasibətlərin düzgün qurulmaması nəticəsində yaranan problemlərdən və onların cəmiyyətə təsirlərindən bəhs edib. Daha sonra Komitənin əməkdaşı Səmra Əliyeva “Övladlarımızla ünsiyyət qurmağı bacarırıqmı?” adlı təqdimatla çıxış edərək uşaqların yaş xüsusiyyətləri və hər yaş dönəmində diqqət edilməli məqamlar, ailədaxili psixo-sosial məsələlər barədə məlumatları könüllü ailələrin diqqətinə çatdırıb.
Müzakirə ilə davam edən görüşdə koronavirus pandemiyasının insanların psixoloji durumuna təsiri, son dövrlərdə baş verən intihar halları və ailələri narahat edən digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda mövzu ilə bağlı maarifləndirici video-material nümayiş olunub.