“Erkən nikahın fəsadları" mövzusunda onlayn təlim keçirildi

18 iyun 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qobustan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Bərabər hüquqlarımız” adlı layihə çərçivəsində 18 iyun 2021-ci il tarixində "Erkən nikahın fəsadları" mövzusunda onlayn təlim keçirilib.
 
Təlimdə Ailə problemləri şöbəsinin aparıcı məsləhətçisi Müseyib Şirəliyev təqdimatla çıxış edərək, erkən nikaha səbəb olan risk faktorları, uşaq evliliyinin fəsadları, ölkəmizdə və dünyada erkən nikahlara dair statistik məlumatlar, qəbul edilmiş sənədlər barədə məlumat verib.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nı diqqətə çatdıran M.Şirəliyev Komitə tərəfindən bu istiqamətdə görülən işlərin əhəmiyyətini qeyd edib.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  Xarici əlaqələr və protokol xidməti şöbəsinin əməkdaşı Hafiz Namazov və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Qobustan nümayəndəliyinin rəhbəri Səfər İbrahimin moderatorluğu ilə keçirilən təlimdə GİKM-nin Qobustan nümayəndəliyinin əməkdaşları, üzvləri, fəal gənclər, eyni zamanda Dövlət Komitəsinin könüllüləri iştirak edib.
 
Təlimin sonunda gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.