Məişət zorakılığı ilə mübarizə sahəsində təlimlər keçirilir
Paylaş:
21-25 iyun 2021-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində məişət zorakılığı ilə mübarizə sahəsində, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış sahəsində birgə təlimlərin keçirilməsinə start verilib.
Litvadan olan ekspertlər tərəfindən aparılacaq təlimlər “Təlimçilərin təlimi” konsepsiyası üzrə təşkil olunur. “Qadın hüquqları və məişət zorakılığı hallarının milli qanunvercilik və Avropa standartlarına uyğun olaraq həll edilməsi” adı altında təşkil olunan təlimlərdə ölkənin müxtəlif şəhər və rayon məhkəmələrini təmsil edən 70-ə yaxın hakimin iştirakı nəzərdə tutulub.
Təlimlər məişət zorakılığının psixoloji perspektivləri, gender stereotipləri, zərərçəkənin günahlandırması, məişət zorakılığına dair miflər və faktlar, eləcə də məişət zorakılığının risk faktorları, zərərçəkmişin və zərəryetirənin tipik psixoloji xüsusiyyətləri kimi mövzuları əhatə edəcək.
Qeyd edək ki, təlimlər “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planının” 12.6.1 saylı bəndinə uyğun olaraq həyata keçirilir.