“AiləmİZ” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

10 iyun 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Şamaxı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “AiləmİZ” adlı layihə çərçivəsində növbəti onlayn təlim 10 iyun 2021-ci il tarixində milli-mənəvi dəyərlərimiz mövzusunda keçirilib.

Tədbirdə ailə dəyərlərindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova çıxış edərək, milli-mənəvi dəyərlərin, eləcə də ailə dəyərlərinin qorunaraq gənc nəslə ötürülməsnini, ailə institutunun möhkəmləndirilməsinin, ailələrin sağlam təməllər üzərində qurulmasının, qadın və uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu və daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. O bildirib ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu ailə siyasəti, ailələrin rifahının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar, imzalanan fərman və sərəncamlar Azərbaycan ailələrinin inkişafına yönəlmişdir. 

Ailə dəyərlərinin milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi kimi formalaşdığını və bu dəyərləri qorumağın vacib olduğunu diqqətinə çatdıran G. Məmmədova Komitənin bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasına xüsusi önəm verdiyini qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  Xarici əlaqələr və protokol xidməti şöbəsinin əməkdaşı Hafiz Namazov və Gənclərin İnkişafı və Karyera Mərkəzinin Şamaxı Nümayəndəliyinin rəhbəri Ramin Məcdunovun moderatorluğu ilə keçirilən təlimdə Gənclərin İnkişafı və Karyera Mərkəzinin Şamaxı və Qobustan  nümayəndəliklərinin əməkdaşları və üzvləri, könüllülər, fəal gənclər iştirak edib.

Təlimin sonunda gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.