Postmüharibə dövründə uşaq və ailələrə psixososial dəstəklə bağlı növbəti layihəyə start verilib

1 iyun 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi 44 günlük Vətən müharibəsi dövründə başladığı ailələrə psixo-sosial dəstəyin göstərilməsi işini davam etdirir. Bu məqsədlə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Ağdam rayonunda “Postmüharibə dövründə uşaq və ailələrə psixo-sosial dəstək” layihəsinə start verilib.

Layihənin məqsədi müharibədən zərər çəkmiş, böhran vəziyyətində yaşayan uşaq və ailələrin psixo-sosial rifahını yaxşılaşdırmaq, cəmiyyətə inteqrasiyasını sürətləndirmək, fəaliyyət qabiliyyətini yüksəltmək və onların psixi sağlamlığını möhkəmləndirməkdir.

Layihə çərçivəsində şəhid və qazi ailələri xüsusi diqqət mərkəzində olmaqla, uşaqların ilkin psixo-sosial qiymətləndirilməsinin həyata keçirilməsi, yaş qruplarına müvafiq olmaqla, onlarla fərdi və qrup terapiyası, inkişafetdirici məşğələlər, psixoloji təlimlər və inteqrasiyalı oyunların təşkili nəzərdə tutulub. Layihədə 6-16 yaş qrupunda olan 300 uşağın iştirakı nəzərdə tutulub.

1 iyun 2021-ci il tarixində Ağdamın İmamqulubəyli qəsəbəsində, 135 saylı məktəbdə keçirilən ilkin tədbirdə uşaqların iştirakı ilə oyunlar keçirilib, həmçinin onların rəsmlərindən ibarət sərgi təşkil olunub. Uşaqlar sülh, müdafiə, vətənpərvərlik və uşaq hüquqları ilə bağlı müxtəlif şüarlar səsləndirərək, fərqli rənglərdən ibarət dairənin ətrafında toplaşaraq birlik nümayiş etdiriblər.

Tədbirdə iştirak edən Dövlət Komitəsi aparatının rəhbəri Ceyran Rəhmətullayeva və Ağdam rayon icra hakimiyyəti başçısının müavini Arzu Rəhimova 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqları təbrik edib, layihə barədə məlumat diqqətə çatdırılıb.

Tədbirin sonunda Dövlət Komitəsi tərəfindən uşaqlara hədiyyələr təqdim edilib.