Valideynlərlə qarşılıqlı ünsiyyət mövzusunda onlayn tədbir keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 24 may 2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 112 nömrəli tam orta məktəbin müəllim və valideynləri üçün “Valideynlərlə qarşılıqlı ünsiyyət effektiv formalardan biri kimi” adlı vebinar keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xədicə Babayeva iştirakçıları salamlayaraq əhəmiyyətli mövzulara toxunan belə tədbirlərin təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib.
Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova tədbirdə “Ailə, ailə dəyərləri və ənənələr” adlı təqdimatla çıxış edərək, Azərbaycan ailəsinə xas milli dəyərlər, adət-ənənələr, böyüyə hörmət, kiçiyə qayğı kimi dəyərlər barədə məlumat verib, müasir ailələri narahat edən aktual məsələləri işıqlandıraraq cəmiyyətin birliyinin bu problemlərin həllində böyük önəm daşıdığını vurğulayıb.
Daha sonra Komitə tərəfindən hazırlanan “Ailəmiz - ən dəyərli xəzinəmizdir” adlı video-çarx nümayiş etdirilib.
Tədbirdə Komitənin Ailə problemləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva
“Biz öz övladlarımızla ünsiyyət qurmağı bacarırıqmı?” adlı təqdimatla çıxış edərək, uşaqların yaş xüsusiyyətləri, valideyn-uşaq münasibətləri, uşaqlarla effektiv ünsiyyət metodları barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Daha sonra qeyd edilən mövzularda müzakirələr aparılıb. Tədbirdən 49 nəfər iştirakçı faydalanıb.