Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo Dövlət Komitəsinin qonağı olub

21 may 2021

Paylaş:

21 may 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo arasında görüş keçirilib. 

Qonağı salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova görüş təşəbbüsü üçün minnətdarlığını bildirib. Azərbaycan ilə Kuba arasında əlaqələrin tarixən dostluğa, qarşılıqlı anlaşmaya söykəndiyini bildirən B.Muradova, ikitərəfli münasibətlərin, o cümlədən hökumətlər və parlamentlərarası əlaqələrin inkişafının önəmini vurğulayıb və əlavə edib ki, bu görüş hər iki dövlətin diplomatik nümayəndəliklərinin qarşısında duran əlaqələrin intensivləşdirilməsi sahəsindəki fəaliyyətinə müsbət töhfə olacaqdır.

Komitə sədri cəsarətin, fədakarlığın, dönməzliyin rəmzi kimi yaddaşlarımıza həkk olunan Kuba inqilabının lideri Fidel Kastronun xatirəsini ehtiramla yad edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Alfredo Nieves Portuondo həm özünün, həm də Kuba Qadınlar Federasiyası adından Komitə sədrini yeni təyinatı münasibətilə təbrik edib, həmçinin Kuba inqilabının lideri Fidel Kastronun xatirəsinə göstərilən ehtirama və deyilən xoş sözlərə görə minnətdarlığını bildirib. Tarix göstərir ki, Fidel Kastro və Heydər Əliyevin siyasi irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, yaratdıqları dövlətçilik ənənələri və təcrübəsi onların siyasi irsinin göstəricisidir. Ölkələrimiz arasında siyasi, diplomatik əlaqələrin inkişaf etdirilməsinin önəminə toxunan səfir bunun üçün yaxşı imkanların olduğunu vurğulayıb: “Xüsusilə qeyd etmək istəyirəm ki, Ermənistanla münaqişənin baş verdiyi bir dövrdə, həmçinin pandemiya şəraitində iki ölkə arasındakı diplomatik əlaqələrin inkişaf etdirilməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycanın Kubadakı Nümayəndəliyi Səfirlik statusu aldı”.

Səfir vurğulayıb ki, iki ölkə arasında ən vacib məqamlardan biri də məhz pandemiya dövründə həkimlərdən ibarət iki briqadanın Azərbaycana göndərilməsi olub. O, qeyd edib ki, Kubalı həkim briqadası Azərbaycan həkimləri ilə birgə bu infeksiyadan əziyyət çəkən xəstələrin müalicəsi üçün əllərindən gələni edib.

Görüşün sonunda Bahar Muradova ölkəsi haqqında verdiyi ətraflı məlumata görə səfirə bir daha təşəkkürünü bildirib. Komitə sədri vurğulayıb ki, çətin qonşuluq şəraitində uzun illər öz müstəqilliyini və ideallarını qorumaq hər iki ölkədə lideri və xalqın birliyinə, əzminə dayanır.

Görüş zamanı həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, həmçinin Kuba Qadınlar Federasiyası ilə əlaqənin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi ailə, qadın və uşaq məsələləri sahəsində də daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.