Beynəlxalq Ailə Günü ilə bağlı yerli icra hakimiyyətləri tərəfindən onlayn görüşlər keçirilib

15 may 2021

Paylaş:

Hər il olduğu kimi bu il də şəhər və rayon icra hakimiyyətləri tərəfindən 15 may “Beynəlxalq Ailə Günü” ərəfəsində şəhər və rayonlarda uşaq və yeniyetmələr, gənclər üçün milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması mövzusunda Vətən Müharibəsi iştirakçılarının, eləcə də qazilərin ailə üzvlərinin iştirakı ilə onlayn görüşlər keçirilib.
Eyni zamanda gənc və həssas qruplara aid olan ailələr üçün valideyn-uşaq münasibətlərinin tənzimlənməsi, yaşlı və gənc nəsil arasında dialoqun düzgün qurulması, erkən nikah və qohum nikahların mənfi nəticələri, ailə planlaşdırılması və reproduktiv sağlamlıq, sağlam həyat tərzi və zərərli vərdişlərin fəsadları və digər mövzular ətrafında şəhər və rayonun nüfuzlu insanlarının, ictimai və din xadimlərinin, Ağsaqqallar və Ağbirçəklər Şurasının üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib. Orta məktəblərdə “Ailəm ən dəyərli xəzinədir” adlı inşa , “Ailəm”, “Biz mehriban ailəyik,” və s. adlı foto və rəsm müsabiqələri keçirilib. “Örnək olacaq ömür”, “Qəhrəman oğulları yetişdirən ailələr” və digər videoçarxlar sosial şəbəkələrdə yayımlanıb.
Nəzərinizə çatdırmaq istərdik ki, Yerli icra hakimiyyətləri tərəfindən Komitəyə verilən məlumatlara əsasən “Beynəlxalq Ailə Günü”-nə həsr olunmuş maarifləndirmə tədbirləri davam edir və cəmiyyət arasında böyük maraq və rəğbətlə qarşılanır.