Komitə sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

8 may 2021

Paylaş:

8 may 2021-ci il tarixində  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, təşkilatın sədri Fatma Səttarova ilə görüşüb.

Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın timsalında bütün veteranları təbrik edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, faşizmə qarşı mübarizədə Azərbaycan xalqının fədakar mübarizəsinə diqqət çəkib. Xalqımızın XX əsrin 40-cı illərində faşizmə qarşı mübarizəyə böyük töhfələr verdiyini diqqətə çatdıran Komitə sədri, 44 günlük Vətən müharibəsində xalqımızın erməni faşizminə də qalib gəldiyini, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun ərazi bütövlüyümüzü təmin etdiyini bildirib.

Çıxışının sonunda B.Muradova Fatma Səttarovaya və İkinci Dünya müharibəsi veteranı Tacirə Qazıyevaya gül dəstəsi və hədiyyə təqdim edib.

Gəlişinə görə Komitə sədrinə minnətdarlığını bildirən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının tarixin bütün keşməkeşlərindən şərəflə, alnıaçıq, üzüağ çıxdığını vurğulayıb. Fatma Səttarova qeyd edib ki, istər Hitlerçilərə, istərsə də, erməni faşizminə qarşı Azərbaycan xalqının mübarizəsi bütövlükdə bəşəriyyətin təhlükəsizliyinə, gələcək rifahına böyük töhfə olub.

Görüşün sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Komitə sədrinə xüsusi yubiley medalını təqdim edib.

Sonda Komitə sədri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Xatirə kitabı”na ürək sözlərini yazıb.