“Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda onlayn tədbir keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq, 27 aprel 2021-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrinin iştirakı ilə “Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda onlayn tədbir keçirilib.
Kollecin “Tibb və təbiət elmləri” fənn birləşmə komissiyasının sədri Arzu Aslanova çıxış edərək, tədbirin məqsədi və əhəmiyyəti haqqında məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Nailə İbrahimova çıxış edərək, sağlam həyat tərzinin formalaşmasında insan sağlamlığına müsbət təsir edən amillər və ziyanlı vərdişlərin gənclərin reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlər haqqında danışıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinın həkim-metodisti Zümrüd Kazımova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” adlı təqdimatla çıxış edərək, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən, ailə planlaşdırılmasının vacibliyindən, erkən nikahların fəsadlarından bəhs edib.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.