15 may – Beynəlxalq Ailə Günü
Paylaş:
BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə müvafiq olaraq 1994-cü ildən başlanaraq hər il dünyada Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan bu ənənəyə 2008-ci ildən qoşulub. Bu gün olduqca əhəmiyyətli dəyərləri özündə birləşdirir. Çünki dünya miqyasında bütün insanların diqqəti ailələrə və onların problemlərinin həllinə yönəlir. Beynəlxalq Ailə Günü ilə əlaqədar olaraq təşkil olunan Ailə Bayramı bu günə kimi Şamaxı, Qax, Xaçmaz, İsmayıllı, Şəmkir, Abşeron rayonlarında, Lənkəran və Şəki şəhərlərində təşkil edilmişdir. Hər il yüzlərlə ailənin iştirakı ilə yüksək səviyyədə qeyd edilən bu bayram Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsini təcəssüm etdirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan bayramda müxtəlif sərgilərlə tanışlıq, bölgələrin milli mətbəxini əks etdirən əl işlərinin nümayişi ilə yanaşı, həm də ailələr arasında müxtəlif intellektual oyunlar da təşkil edilir. Kütləvi informasiya vasitələrinin, müxtəlif xarici və yerli qonaqların iştirakı ilə təşkil olunan Beynəlxalq Ailə Günü ölkəmizdə rəğbətlə qarşılanır.