Bahar Muradova Fransa səfiri Zakari Qrosla görüşüb
Paylaş:
8 aprel 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb.
Qonağı salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova görüş təşəbbüsü üçün minnətdarlığını bildirib. Azərbaycan ilə Fransa arasında əlaqələrin tarixən dostluğa, qarşılıqlı anlaşmaya söykəndiyini bildirən sədr, diplomatik əlaqələrin 90-cı illərdən formalaşdığını, Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. İkitərəfli münasibətlərin, o cümlədən hökumətlər və parlamentlərarası əlaqələrin inkişafının önəmini vurğulayıb.
Dövlət Komitəsi və Fransanın müvafiq dövlət orqanları arasında imzalanan sənədləri, vətəndaş cəmiyyəti nümayəndələri ilə birgə reallaşan layihələri xatırladaraq, Azərbaycanın demokratiya tarixində əldə etdiyi nailiyyətlərə dair keçirilən tədbirlərdən, o cümlədən “Azərbaycan qadınları keçmişdə və bu gün” adlı layihənin əhəmiyyətini qeyd edib.
Fransanın səfiri kimi 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfər edərək oradakı vəziyyətlə şəxsən tanış olmasının və bunun bir tərəfdaş ölkə kimi müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və bir sıra vacib məsələlərə dair Fransa tərəfinin mövqeyinin müəyyənləşməsində mühüm rol oynayacağına inandığını bildirib. “İndi artıq Azərbaycanın öz imkanları və gücü nəticəsində Qarabağ məsələsi həll olunduqdan sonra biz yalnız əməkdaşlıq, regionda sülh, dayanıqlı iqtisadi inkişaf və rifah barədə düşünməliyik” deyə Komitə sədri vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Zakari Qros, Komitə sədrini yeni təyinatı münasibətilə təbrik edib. Fransa hökümətinin hər zaman Azərbaycan sərhədlərini beynəlxalq hüquqi çərçivədə tanıdığını, onun inkişafına, əldə etdiyi nailiyyətlərə sevindiyini qeyd edən səfir, ölkələrimiz arasında əməkdaşlığın bundan sonra daha da güclənəcəyinə inamını ifadə edib. Hələ 1918-ci ildə Azərbaycanın qadına ilk seçki hüququ verən ölkələr sırasında olduğunu, bu gün də ən müasir müsəlman ölkəsi kimi tanındığını bildirən Z.Qros, gender bərabərliyinin təmin olunmasında Azərbaycanın böyük nəticələr əldə edəcəyinə əmin olduğunu diqqətə çatdırıb.
Görüşün davamında qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması, məişət zorakılığı ilə mübarizə istiqamətində birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək tədbirlərlə bağlı müzakirə keçirilib.
Sonda xatirə şəkli çəkilib.
Görüşdə Fransa səfirliyinin nümayəndələri Qvenola BRO və Jerom KeL, Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova da iştirak edib.