“Azərbaycan üzrə 2021-2025-ci illər üçün yeni Ölkə Proqramı”nın müzakirəsi keçirildi
Paylaş:
7 aprel 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardinlə görüşüb.
Görüş zamanı “Azərbaycan üzrə 2021-2025-ci illər üçün yeni Ölkə Proqramı”nın müzakirəsi keçirilib.
Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayaraq, görüş təşəbbüsü ilə çıxış etdikləri üçün təşəkkür edib. O bildirib ki, müharibə dövründə keçirilən görüşlərdə narahatlıqla müharibənin çətinlikləri haqqında danışırdıqsa, bu gün qələbədən doğan qürur hissi ilə böyük quruculuq işlərinin həyata keçirildiyi ərəfədəyik: “Siz də bütün bu baş verən hadisələrə qarşı biganə qalmadınız, belə hadisələrdən əziyyət çəkən uşaqların hansı bəlalarla üz-üzə gəldiyinin canlı şahidi oldunuz. Beynəlxalq təşkilatın nümayəndələri olaraq vaxtaşırı işğaldan azad olunmuş ərzilərdə olursunuz və hər şeyi öz gözlərinizlə görürsünüz. Münaqişədən əziyyət çəkən uşaqlarla əlaqədar olaraq BMT Uşaq Fondu, Dövlət Komitəsi və ictimai təşkilatlarla birgə həyata keçirilən tədbirlər, xüsusilə zərər çəkənlərin qiymətləndirilməsi və onlarla aparılan psixo-sosial işi xüsusi vurğulamaq istərdim. Pandemiya və hərbi vəziyyət dövründə yüksək səviyyəli əməkdaşlıq nümayiş etdirdiniz və mən əminəm ki, bundan sonrakı birgə fəaliyyətimiz də bu qaydada davam edəcəkdir.” Müharibədən sonrakı dönəmdə əsas məqsədin sülh və dayanıqlılığı təmin etmək, müharibədən zərər çəkən insanların, qadın və uşaqların problemlərinin sürətli şəkildə həll edilməsi olduğunu qeyd edən Komitə sədri bildirib ki, bizim borcumuz həmin insanların həyat və rifahını yaxşılaşdırmaqdır. İşğaldan azad edilmiş torpaqlarımızda insanlar üçün yaşayışın təmin edilməsi üçün daha artıq zaman, məsrəf və güc tələb olunur. Çünki indi hər qarış torpağa basdırılan minalar ərazilərimizdən qovulan Ermənistan qoşunlarından qat-qat artıq təhlükə yaradır. Özü-özlüyündə bu Ermənistan tərəfindən təcavüzün davam etdirilməsinə və vətəndaşlarımızın bu əraziyə qaytarılması üçün həyata keçiriləcək bərpa və quruculuq işlərinin əngəllənməsinə yönəlib.
Daha sonra Komitə sədri sözü BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardinə verib.
Son 6 ayın Azərbaycan üçün tarixi bir dövr olduğunu qeyd edən BMT rəsmisi növbəti 5 il ərzində görüləcək fəaliyyətlərlə əlaqədar ölkə üzrə yeni proqramın qəbul edildiyini diqqətə çatdırıb. Ötən il qəbul olunmuş Uşaq Strategiyası və Milli Fəaliyyət Planı haqqında fikirlərini bölüşən E. Karvardin bildirib ki, UNİCEF fəaliyyət planında qeyd olunan məsələlər ilə bağlı prosesə texniki dəstək verməyə hazırdır və konkret olaraq planın icrasına, onun monitorinqi ilə əlaqədar bütün aidiyyəti qurumlarla əməkdaşlığa önəm verir. O bu fəaliyyət planının digər dövlətlərdə də uşaqlar üçün vacib olan perspektivli fəaliyyətin standartı olacağına inamını ifadə edib. Azərbaycanın dayanıqlı inkişaf məqsədlərindən irəli gələn məsələlər ilə bağlı bir mənalı olaraq aydın öhdəliklər götürdüyünü vurğulayan BMT rəsmisi bildirib ki, adı çəkilən sənədlər Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşır.
Proqramda əhatə olunan məsələlər haqqında məlumatları diqqətə çatdıran E. Karvardin bildirib ki, bu gün vacib məsələlərdən biri də ictimaiyyətin diqqətini erkən uşaqlıq dövründə uşaq inkişafına və pozitiv valideynlik məsələsinə yönəltməkdir. Eyni zamanda regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin xidmətlərinin daha da inkişaf etdirilməsi, yeni imkanların tətbiq edilməsi də mühüm əhəmiyyət kəsb edir. O vurğulayıb ki, müharibədən sonrakı mərhələdə zərərçəkmiş uşaqlara psixososial işin gücləndirilməsi və daha da genişləndirilməsi, eləcə də pandemiyanın yaratdığı fəsadlar səbəbindən cəmiyyətdə artan mənfi halların qarşısının alınmasında dəstəyin göstərilməsi də nəzərdə tutulan məsələlər sırasındadır.
Bir sıra ölkələrdə uşaqlar üçün münasib icmanın formalaşması modelinin mövcud olduğunu qeyd edən E. Karvardin işğaldan azad olunmuş Azərbaycan ərazilərində də uşaq və gənclər üçün uyğun mühitin yaradılması ilə bağlı hazırladığı konseptual sənədi tanış olması və qiymətləndirməsi üçün Bahar Muradovaya təqdim edib.
Komitə sədri təkliflər paketi ilə çıxış etdiyinə görə E. Karvardinə təşəkkürünü bildirib, yaxın gələcəkdə görüləcək işləri yüksək qiymətləndirərək, Komitənin üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu vurğulayıb. Zorakılıq və intihar hadisələri ilə bağlı yayımlanan informasiyaların daha çox təşviqetmə və yönləndirmə xarakteri daşıdığına diqqət çəkən Komitə sədri nəticədə zəncirvari silsilə hadisələrin baş verdiyini və bunun qarşısını almaq üçün birgə çağırışlarla ictimaiyyətə müraciət etməyin faydalı olacağını bildirib.
Görüş “Azərbaycan üzrə 2021-2025-ci illər üçün yeni Ölkə Proqramı”ndan irəli gələn məsələlər istiqamətində görüləcək tədbirlərin müzakirəsi ilə davam edib.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova və UNİCEF-in nümayəndələri Vüqar Salmanov və Tamerlan Rəcəbov iştirak ediblər.