2 aprel - Dünya Autizm Məlumatlandırma Günü
Paylaş:
BMT - nin 18 dekabr 2007 - ci il tarixli qərarı ilə 2 aprel - Dünya Autizm Məlumatlandırma Günü kimi təsis edilib.
Bu günün qeyd edilməsində məqsəd əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da bu gün hər il geniş miqyasda qeyd olunur. Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3,1,7-ci bəndində autizm sindromuna görə uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması öz əksini tapmışdır.
2008-ci ildən başlayaraq, Komitə nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən autizm spektr pozuntusundan əziyyət çəkən uşaqlara müxtəlif növ terapiyalar və inkişafetdirici xidmətlər göstərilir, məşğələlər təşkil olunur.
Həmçinin mərkəzlərin xidmətlərindən yararlanan, bu problemlərdən əziyyət çəkən uşaqların valideynlərinin iştirakı ilə Mərkəzlər tərəfindən mütəmadi maarifləndirici tədbir və təlimlər həyata keçirilir, dəyirmi masalar təşkil olunur. Hal-hazırda 157 autizm spektr pozuntusu olan uşaq UADM-lərin xidmətlərindən bəhrəlinir.
Autizm spektr pozuntusu olan uşaqlar üçün bərabər imkanların inkişafı və gücləndirilməsinə hamımız dəstək olaq!