Könüllü ailələr tənha ahılları növbəti dəfə ziyarət edib
Paylaş:
Könüllü ailələrin tənha ahıllarla görüşləri davam edir. Könüllülər növbəti dəfə ahıl və tənhalara baş çəkərək onlara bayram sovqatı təqdim edib, həyətlərində abadlıq işləri aparıb və problemlərinin həllində köməklik göstəriblər.
Füzuli rayonundan olan Məmmədovlar ailəsi rayonun Aranqala qəsəbə sakini Adilə Əsədovanı və Zovcuq 1 qəsəbəsində yaşayan Bacıxanım Cəfərovanı ziyarət edib.
Neftçala rayonundan olan Cəfərovlar ailəsi isə, Salyan rayonunda tənha yaşayan Svetlana Ağalarovanın evində qonaq olub.
Başqa bir könüllü ailə Gədəbəydən olan Axundovlar ailəsidir. Ailə, Gədəbəyin Mor-mor kəndində tək yaşayan sağlamlıq imkanları məhdud Mehralı Qurbanovu ziyarət edərək ona dəstək olub.
Qeyd edək ki, ahıllarla görüşlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin Novruz bayramı ərəfəsində təşkil etdiyi xeyriyyə tədbiri çərçivəsində həyata keçirilir. Komitənin ətrafında birləşən könüllü ailələr İctimai Birliyin himayəsində olan ahıl və tənhalara baş çəkib, onları bayram sovqatları ilə sevindirib, məişət problemlərinin həllində və təsərrüfat işlərində yardımçı olurlar.