Xocalı soyqırımının ildönümü ilə bağlı Uşaq Səfirlər Məclisi üzvlərinin iştirakı ilə beynəlxalq konfrans keçirildi
Paylaş:
25 fevral 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və Uşaq Səfirlər Məclisinin təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar beynəlxalq konfrans keçirilib.
Konransda Uşaq Səfirlər Məclisinin və “Türkiye Gençlik Vakfı”nın üzvləri iştirak ediblər.
Uşaq Səfirlər Məclisinin həmsədri Nurlan Cəbrayılzadə əvvəlcə konfransın keçirilməsi təşəbbüsünü müsbət qarşıladıqlarına görə “Türkiye Gençlik Vakfı”na təşəkkürünü bildirib və bu tədbirin Azərbaycan və Türkiyə uşaqlarını əhatə edən məsələlərlə bağlı müzakirələrin keçirilməsinə töhfə verəcəyini, eyni zamanda hər iki ölkənin uşaqlarının birgə səsinin daha ucadan çıxmasında mühüm rola malik olacağını qeyd edib.
Xocalı soyqırımı haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdıran N. Cəbrayılzadə bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə hər zaman öz dəstəyini göstərmişdir. Xüsusilə, Vətən müharibəsi zamanı Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olması bu dostluğun möhkəm təməllər üzərində qurulduğunu bir daha göstərdi.
“Türkiye Gençlik Vakfı”nın üzvləri İclal Dağcı və Orkun Efe “Bir millət, iki dövlət” şüarı ilə ölkələr arasındakı birliyin gücünü qeyd edərək, Türkiyənin hər bir sahədə daim Azərbaycana dəstək göstərəcəyini bildirib.
Daha sonra Xocalı soyqırımını əks etdirən video nümayiş olunub.
Uşaq Səfirlər Məclisinin üzvü Əsmər İsmayılova Xocalı soyqırımı zamanı erməni vəhşiliyinin qurbanı olan, həyatını itirən, işgəncələrə məruz qalan uşaqlar haqqında ətraflı məlumatları təqdim edib. Çıxış edən “Türkiye Gençlik Vakfı”nın üzvləri Erva Esma və Ahmet Tarık da Xocalı həqiqətləri haqqında fikirlərini səsləndiriblər.
Tədbirin sonunda Uşaq Səfirlər Məclisinin üzvü Rüfət Məmmədov hər iki ölkənin uşaqlarınının birgə fəaliyyəti istiqamətində təkliflərini səsləndirib.
Konfrans müzakirələrlə davam edib.