Tvinninq layihəsinin İdarəetmə Komitəsinin 2-ci iclası keçirilib

18 fevral 2021

Paylaş:

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adı altında həyata keçirilən Tvinninq layihəsi çərçivəsində layihənin İdarəetmə Komitəsinin 2-ci iclası 18 fevral 2021-ci il tarixində onlayn formatda keçirilib.

Idarəetmə Komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini və Avropa İttifaqı tərəfindən layihəni icra edən təşkilatları təmsil edən layihə rəhbərləri, AQUPDK-nın və icraçı təşkilatların layihənin icrasına cəlb olunmuş əməkdaşları, eləcə də layihənin hər ikitərəfdən komponent rəhbərləri, Avropa İttifaqının Bakı nümayəndəliyinin və İqtisadiyyat Nazirliyinin nümayəndələri iştirak ediblər.

Benefisiar üzrə layihə rəhbəri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iclası açıq elan edərək layihə rəhbərlərini və digər iclas iştirakçılarını salamlayıb. O, layihənin 2-ci rübü ərzində görülmüş işlər barədə qısa məlumat verib. “Deyə bilərəm ki, layihənin icrasına uğurla başlanılıb və biz layihənin sonunda yaxşı nəticələr əldə edəcəyik,” deyə o bildirib.

Daha sonra layihə rəhbəri Audra Mikalauskaitė çıxış edərək bildirib ki, layihənin icrası ilkin plana uyğun olaraq davam edir.

Öz növbəsində, layihənin Rezident Tvinninq Müşaviri Laurynas Totoraitis layihənin icrası istiqamətində 1-ci və 2-ci rüb üzrə aparılmış və qarşıdakı dövr üçün nəzərdə tutulmuş fəaliyyətləri komponentlər üzrə iştirakçıların diqqətinə çatdırıb. “1-ci rübdə həyata keçirilmiş missiyaların əksəriyyəti faktaraşdırıcı xarakter daşıyıb və lazımi məlumatların toplanması məqsədi ilə hədəf qruplarla görüşlər keçirilib və əsas maraqlı tərəflər arasında elektron sorğu anketləri paylanıb,” deyə RTM qeyd edib.

Ötən aylarda qəbul olunmuş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”ında nəzərdə tutulmuş bəzi tədbirlər Tvinninq layihəsinin fəaliyyətləri ilə üst-üstə düşür. Layihə Milli Fəaliyyət Planının icrasına töhfə verməyə hazırdır,” deyə Totoraitis əlavə edib.

Daha sonra layihənin ekspertləri Jurgita Paužaitė-Kulvinskienė və Ms. Dovilė Pūraitė-Andrikienė məişət zorakılığı sahəsində, eləcə də məişət zorakılığının kriminallaşdırılması ilə bağlı milli qanunvericiliyə edilən təkliflər barədə təqdimatla çıxış ediblər.

Öz növbəsində Avropa İttifaqının Bakı Nümayəndəliyinin Proqram Meneceri Məryam Hacı-İsmayılova qısa müddət ərzində layihə tərəfindən bir çox işlərin həyata keçirildiyini bildirib. “Mən gərgin əməyinə görə layihənin ekspertlərinə və göstərilmiş dəstəyə görə isə Benefisiara təşəkkürümü bildirmək istəyirəm,” deyə o bildirib.

Sonda Sədaqət Qəhrəmanova bütün görüş iştirakçılarına təşəkkür edərək iclası bağlı elan edib.

Qeyd edək ki, Tvinninq layihəsinin məqsədi Avropa İttifaqı standartlarına uyğunlaşma prosesində məişət zorakılığı qurbanlarının hüquqi müdafiəsini və onlara dəstəyi gücləndirməkdən ibarətdir.

Layihənin icrasına ötən ilin sentyabr ayında başlanıb və 14 ay davam etməsi nəzərdə tutulub.