“Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı layihənin yekun konfransı keçirilmişdir

5 iyul 2014

Paylaş:

Layihə 2013-cü ilin oktyabr ayından etibarən Komitə tərəfindən Dövlət ailə siyasətinin dəstəklənməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, milli-mənəvi  və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, yaşlılara hörmət kimi ənənələrin davam etdirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında həyata keçirilmişdir.

Yekun tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbir iştirakçılarını salamlamış, layihənin məqsəd və önəmindən bəhs etmişdir. Komitə tərəfindən mütəmadi olaraq bu cür maarifləndirmə tədbirlərinin keçirildiyini vurğulayan Hicran Hüseynova, Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlı bir xalq olduğunu qeyd etmişdir. Hər bir xalqın milli mənəvi dəyərlərinin qorunub saxlanılmasında ailənin böyük rol oynadığını söyləyən H.Hüseynova son dövrlərdə ölkə başçısı tərəfindən imzalanan fərmanlarda ailə siyasətinə böyük önəm verildiyini vurğulamış, qloballaşan dünyada milli dəyərlərin daha çox qorunmasına ehtiyac olduğunu söyləyərək, sağlam cəmiyyətin əsasında sağlam ailələrin durduğunu qeyd etmişdir.

 Daha sonra çıxış edən Millət vəkili, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Millət vəkili, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Ağbirçək Sündüz Babayeva, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı layihə barəsində fikirlərini bildirmiş, dəyərli tövsiyyələrini tədbir iştirakçıları ilə bölüşmüşdürlər.

 Tədbirdə yekunlaşmış layihənin və RİH-ləri tərəfindən layihə çərçivəsində keçirilmiş silsilə tədbirlərin qısa təqdimatı olmuşdur.