BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinə ilk dəfə azərbaycanlı sədr müavini seçilib

16 fevral 2021

Paylaş:

Ölkənin beynəlxalq hüquq üzrə eksperti, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) 78-ci sessiyasında sədr müavini vəzifəsinə seçilib.

CEDAW Komitəsi “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə” Konvensiyanın 17-ci maddəsinə müvafiq olaraq yaradılmışdır. Komitə Konvensiyanın əhatə etdiyi məsələlər üzrə 23 ekspertdən ibarətdir. Komitə üzvləri qadın hüquqlarının müdafiəsi, bərabər imkanların təmin edilməsi istiqamətində ölkələrin hesabatlarının hazırlanmasında iştirak edir, yaradılan işçi qruplarda təmsil olunurlar.

Azərbaycan ilk dəfə olaraq, 2018-ci ildə CEDAW Komitəsinə üzv seçilib. 15 fevral 2021-ci il tarixindən isə ölkənin beynəlxalq hüquq üzrə eksperti Elgün Səfərov Komitənin sədr müavini vəzifəsini icra edəcək.

Elgün Səfərov 18 ilə yaxındır ki, insan hüquq və azadlıqlarının təmin edilməsi, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, qadın və uşaq hüquqlarının müdafiəsi və digər sahələr üzrə BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda Azərbaycanı təmsil edir. O, ATƏT-in insan alveri və məişət zorakılığı hallarının qarşısının alınması, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və digər sahələrdə ölkə adından məruzələr edib.

Ekspert uzun illər ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Avropa Şurasının Gender bərabərliyi Komissiyasının (2007-2018-ci illər)  fəaliyyətində iştirak edərək, öz töhfəsini verib. E.Səfərov Bakı Dövlət Universitetində və Dövlət Gömrük Akademiyasında beynəlxalq hüquq, ailə hüququ, beynəlxalq humanitar huquq və digər fənnləri tədris edib. Ekspertin ingilis, rus və azərbaycan dillərində 50-dən çox elmi araşdırma və tədqiqatları çap edilib.