Özbəkistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib

12 fevral 2021

Paylaş:

12 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə Özbəkistan Respublikası Məhəllə və Ailə Nazirliyinin nümayəndələri arasında onlayn görüş keçirilib.

Tədbirin keçirilməsində məqsəd  ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və birgə tədbirlərin keçirilməsidir.

Görüşdə beynəlxalq münasibətlərin inkişafında, əməkdaşlığın gücləndirilməsində, ailələrə, qadınlara və yaşlılara dəstək, hüquq və qanuni mənafelərinin qorunması sahəsində təcrübə mübadiləsinin təmin edilməsi, yerli idarəetmə sahəsində təcrübə mübadiləsi daxil olmaqla qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlıq müzakirə edilib.

Azərbaycan tərəfindən açılış nitqi ilə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova və  Özbəkistan tərəfdən Məhəllə və Ailə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülcamal Şükürova çıxış edərək tədbir iştirakçılarını salamlayıblar.

Görüş çərçivəsində müvafiq qurumların nümayəndələri ailələrə dəstək və yerli idarəetmə sahəsində təcrübə mübadiləsi daxil olmaqla qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığın qurulması, “Müasir idarəetmə sistemində həssas qruplarla işin xüsusiyyətləri: Özbəkistan və Azərbaycan təcrübəsi nümunəsi" mövzusunda birgə beynəlxalq elmi-praktik konfransın keçirilməsi, Reabilitasiya mərkəzlərinin fəaliyyəti, maliyyələşdirmə mexanizmləri, regional mərkəzlərin maddi-texniki məlumat bazasının gücləndirilməsi, məhəllə səviyyəsində qadınlarla iş sistemi, qadın problemlərinin müəyyənləşdirilməsi və həlli mexanizmləri, sosial müdafiəyə ehtiyacı olan ailələrə dövlət dəstəyi tədbirləri, onlara psixoloji yardım məsələləri ətrafında fikirlərini bölüşüblər.

Eyni zamanda qadınlar arasında məişət zorakılığının, eləcə də boşanmaların qarşısının alınması, ailə dəyərlərinin möhkəmləndirilməsi, QHT-lərin qadınlarla iş sahəsindəki layihələrə cəlb edilməsi məsələləri qeyd edilib.

Özbəkistan tərəfi Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib və ikitərəfli memorandumun imzalanmasının vacibliyini vurğulayıb.