Azərbaycan Kənd Qadınları Assosiasiyası üzvləri ilə görüş keçirilib

11 fevral 2021

Paylaş:

11 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Kənd Qadınları Assosiasiyası üzvləri ilə videoformatda görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Komitə sədri Bahar Muradova, Azərbaycan əhalisinin əsas hissəsini kəndlərdə yaşayan vətəndaşların təşkil etdiyini və onların içində qadınların özünəməxsus yeri olduğunu nəzərə alaraq bu sahəyə xüsusi diqqətlə yanaşılmasının vacibliyini qeyd edib. İlk dəfə olaraq 2020-ci il dekabr ayında Dövlət Komitəsinin gender bərabərliyinin təmin edilməsinə dair həm Azərbaycan daxilində, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyəti haqqında Milli Məclis qarşısında təqdim etdiyi hesabata diqqət çəkən B.Muradova, bununla mühüm bir mərhələyə yekun vurularaq Komitənin fəaliyyətində yeni bir mərhələnin başlanğıcının qoyulduğunu bildirib. Komitənin yenicə 15 illik yubileyinin qeyd olunduğunu xatırladan sədr bu illər ərzində qadınların, xüsusilə də kənd qadınlarının məşğulluğunun artırılmasında böyük işlər görüldüyünü, dəstək göstərildiyini qeyd edib. Müharibə sonrası dinc quruculuq dövründə də Komitənin  bu prosesi davam etdirəcəyini, bu işə öz töhfəsini verməsi üçün birgə əməkdaşlıq çərçivəsində görülə biləcək işlərin vacibliyindən bəhs edib.

Qadınların, xüsusilə də aqrobiznes təmsilçiləri olan qadınların məşğulluğunun təmin olunması, dəstəklənməsi, əmək bazarında gender fərqinin aradan qaldırılması cənab Prezident İlham Əliyevin ciddi nəzarətində olduğu vurğulanaraq, dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, əldə edilən nailiyyətlərdən danışılıb. Bu işlərin davamı olaraq Dövlət Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə qadınların məşğulluğu üzrə Milli Fəaliyyət Planı layihəsi üzərində  işlədiyi barədə məlumat verilib.  

Assosiasiyanın qısa müddətdə gördüyü işlərdən, layihələdən bəhs edən Komitə sədri, eyni sahədə fəaliyyət göstərən Qadın Resurs Mərkəzlərinin (QRM) gələcəkdə Asosiasiya, o cümlədən  Qadın İnkişaf və Müəssisə Qrupları (QİMQ) ilə birlikdə layihələrə cəlb olunması, bu sahədə yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təcrübə mübadiləsi aparılması üçün tövsiyələrini verib, həmçinin bu layihələrdə qazanılan uğurların digər qadınlar üçün də nümunə olduğunu və onlara stimul verəcəyini qeyd edib.  

Çıxış edən Assosiasiya sədri Gülbəniz Qənbərova ucqar kənd və qəsəbələrdə yaşayan qadınların fəaliyyət  imkanlarının az olduğunu diqqətə çatdırıb. Buna baxmayaraq Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə reallaşdırılan QİMQ layihəsinin yardımı ilə qadınların nəinki öz bizneslərinin, eləcə də öz icmalarının, regionlarının inkişafına töhfə verdiyini bildirib. O, həmçinin bugün 15 rayonda fəaliyyət göstərən və 490 kənd qadınını birləşdirən 39 Qadın İnkişaf və Müəssisə Qruplarının (QİMQ) yaradılmasının qadınların kollektivlərdə birləşərək öz vəsaitləri hesabına bizneslərini qurmasına səbəb olduğunu vurğulayıb.

Beynəlxalq məsləhətçi Tara Şarafuddin QİMQ-ları layihəsi haqqında təqdimatla çıxış edərək layihənin dünyanın 25 ölkəsində reallaşdırıldığını, 55 milyon qadının bu modelə cəlb olunduğunu qeyd edib. 30 ildir ki, fəaliyyət göstərən modelin, Azərbaycan qadınlarının aktiv, yeniliyə açıq, çalışqanlıqları sayəsində  Azərbaycanda da çox uğurla tətbiq olunduğu vurğulanıb, bu modelin Qarabağda həyata keçiriləcək quruculuq işlərində də faydalı olacağı bildirib.

Daha sonra çıxış edən Balakən QİMQ sədri Meysarat Qaysayeva, İsmayıllı QİMQ sədri Arzu Mirzəyeva, Sabirabad QİMQ sədri Alma Cəfərova, Ağdam QİMQ sədri Vüsalə Cavadova kənd qadınlarının əldə etdikləri uğurlardan  danışaraq problem və çətinliklərini qeyd ediblər, belə layihələrin regionlarda əlçatanlığının təmin edilməsi, kreditlərin, eləcə də torpaq sahələrinin icarəyə verilməsi üçün bir sıra təkliflər səsləndiriblər.

Görüşün sonunda AKQA üzvlərinin təklifləri və üzləşdikləri problemlər ilə əlaqədar dövlət orqanları ilə birlikdə həll edilməsinə dair fikir mübadiləsi aparılıb.