Dövlət Komitəsində İkinci Qarabağ müharibəsi qazisi ilə görüş keçirilib

1 fevral 2021

Paylaş:

01.02.2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Komitə əməkdaşları Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı, İkinci Qarabağ müharibəsi qazisi Elmir Ağalizadə ilə görüşüblər. 

Görüşün əvvəlində qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Komitə sədri qazimizi salamlayaraq döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə öz təşəkkürünü bildirib.  Zəfər dolu bu günlərin yaşanmasında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin rolundan bəhs edən B.Muradova, bu qələbənin Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və ordumuzun igid qəhrəmanları sayəsində qazanıldığını vurğulayıb. Bu yolda can qoyan xalqımızın, ordumuzun hər bir sıra nəfərinin, öz zəhməti, gərgin əməyi ilə xidmət edərək bu qələbəni nəinki ölkənin, eləcə də dünya hərb tarixinə qızıl hərflərlə yazdığı qeyd edilib, ölkəmizin artıq dinc quruculuq və abadlıq dövrünə qədəm qoyduğu bildirilib.

Vətən Müharibəsində şəhid olan ölməz igidlərimizi yad edən Komitə sədri, onların heç bir zaman unudulmayacağını, bir ömür boyu onlara minnətdarlıq hissi duyacağımızı çatdırıb. Allahdan şəhidlərimizə rəhmət diləyən sədr, bu şanlı qələbə münasibətilə hər kəsi təbrik edərək, Vətən müharibəsi iştirakçısı olan qəhrəmanlarımızın döyüş yolunun gənc nəsil üçün nümunə olduğunu, onların göstərdikləri qəhrəmanlıqlardan gənclərimizə  danışılmalı olduğumuzu diqqətə çatdırıb.

Qazimiz Elmir Ağazadə çıxış edərək Bahar Muradova başda olmaqla Komitə əməkdaşlarına müharibə dövründə ailəsinə göstərdikləri qayğı və dəstəyə görə minnətdarlığını bildirib, anasının salamlarını və təşəkkürlərini çatdırıb, Vətən qarşısında borcunu yerinə yetirmək imkanına görə şərəf duyduğunu, şəhid olan qardaşlarını daim kədər hissi ilə yad edəcəyini qeyd edib. Görüş zamanı igid qazimiz döyüş xatirələrindən bəhs edib, ailəsinin 1-ci Qarabağ müharibəsində Şuşa uğrunda döyüşlərdə şəhid verdiyini qeyd edərək bu gün onların gözünə daha rahat baxdığını bildirdi. Xalq tərəfindən gördükləri dəstəyə diqqət çəkən E.Ağalizadə, balaca balaların  əsgərlərə yazdığı məktubların onları necə sevindirdiyini dilə gətirdi. O, ölkə başçısı başda olmaqla dövlət tərəfindən  göstərilən qayğıya görə minnətdarlığını bildirib. 

Qarabağ qazisi Elmir Ağalizadəyə vətən müharibəsində fəal iştirakına görə Dövlət Komitəsi adından fəxri fərman təqdim edilib, xatirə şəkli çəkdirilib.

Görüşdə sədr müavinləri Sədaqət Qəhrəmanova, Aynur Sofiyeva və Komitə əməkdaşları da iştirak edib.

Qeyd edək ki, E.Ağalizadə Tərtər, Talış Suqovuşan, Hadrut, Laçın, Qubadlı  istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən “Cəsur  döyüşçü”, “Suqovuşanın azad olunması” və “Laçının azad olunması” medalları ilə təltif olunub.