Sığınacağa yerləşdirilən 12 yaşlı S.L ailəsinə təhvil verilib
Paylaş:
4 yanvar 2021-ci il tarixində itkin düşməsi ilə bağlı KİV-də haqqında məlumat yayılan S.L (şərti ad) yanvarın 6-da polis əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində tapılaraq Sabunçu rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ramana qəsəbəsində yerləşən “Nur” uşaq sığınacağına yerləşdirilmişdi.
Araşdırmalar zamanı ailədə 12 yaşlı qızın valideynləri ilə münasibətlərində problemlərin olması müəyyən edilmiş və bu səbəbdən də S.L və ailəsi Komitənin tövsiyəsi əsasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan psixoloji reabilitasiyaya cəlb olunmuşdular.
Bu gün Dövlət Komitəsi və rayon İcra Hakimiyyətinin nümayəndələri ailə ilə yenidən görüş keçirmiş və nəticədə S.L-in doğmaları ilə bir yerdə yaşaması üçün hər hansı bir problemin mövcud olmadığı nəzərə alınaraq o, ailəsinə təhvil verilmişdir.
Məsələ müvafiq orqanlar tərəfindən nəzarətdə saxlanılır.