Azərbaycanda ilk dəfə “Gender bərabərliyi” hakatonu keçiriləcək

19 yanvar 2021

Paylaş:

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən icra edilən "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində Azərbaycanda ilk dəfə “Gender bərabərliyi” hakatonu reallaşdırılır.

19-21 fevral 2021-ci il tarixlərində baş tutacaq hakatonun keçirilməsində məqsəd gəncləri gender problemlərinin texnoloji yollarla həllinə təşviq etmək və maarifləndirməkdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), UN Women və UNFPA tərəfindən təşkil edilən hakatona Bakı şəhəri və regionlardan olan 30-dan çox komandanın qoşulması gözlənilir. Komandalara yarışa hazırlaşmaq üçün peşəkar yerli və xarici mentorlarla çalışmaq imkanı yaradılacaq.

Qeyd edilən tarixlərdə onlayn formatda keçiriləcək hakatonun yekun tədbirində təqdim olunan layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq. Birinci yerin qalibi üçün 5000 manat, ikinci yerin qalibi üçün 3000 manat, üçüncü yerin qalibi üçün isə 1000 manat məbləğində mükafat nəzərdə tutulub.