Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2020-ci ildə daxil olmuş vətəndaşların müraciətləri ilə bağlı görülən işlər və tədbirlər barədə məlumat

8 yanvar 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz Əsasnaməsinə uyğun olaraq 2020-ci ildə vətəndaşların ərizə və şikayətlərinə baxılması və qaldırılan məsələlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir.

 2020-ci il ərzində Komitəyə vətəndaşlardan 6506 müraciət, o cümlədən 4627 ərizə, 1876 şikayət daxil olmuşdur. Müraciətlərdən 964-ü qəbul zamanı təqdim edilmişdir.

Cari il ərzində Komitəyə vətəndaşların müraciətləri ilə bağlı 691 cavab məktubu daxil olmuşdur.

Hər ayın sonu daxil olan müraciətlərlə bağlı təhlil aparılaraq, Komitə rəhbərliyinə  müvafiq arayış təqdim olunur. Daxil olmuş müraciətlər müəyyən olunmuş müddət çərçivəsində araşdırılmış, onların həlli yolunda lazımi tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara göndərilmişdir.

İlin yekunlarına əsasən vətəndaşların müraciətlərinin ərazi və mövzular üzrə statistik təhlili aparılmış və nəticədə ən aktual problemlər müəyyən edilmişdir. 28 dekabr 2020-ci ildə keçirilən kollegiyanın yekun iclasında qeyd olunduğu kimi, aparılan araşdırılma zamanı məlum olmuşdur ki, bu ildə Komitəyə ən çox Bakının Yasamal, Binəqədi,  Suraxanı rayonlarından, həmçinin Sumqayıt şəhərindən, Sabirabad, Lənkəran, Saatlı, rayonlarından müraciət daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım, müalicə və müayinə olunmada köməklik, uşaqla keçirilən fərdi məşğələlər,  iş, mənzil və ya fərdi ev tikmək üçün torpaq sahəsi ilə təmin edilmə, müxtəlif  yönümlü sosial müavinətlərin alınması, aliment ödənilməsi ilə bağlıdır.

Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinə 2020-ci il ərzində 3397 müraciət daxil olmuşdur. Pandemiya dönəmində ailələrə dəstək olmaq məqsədilə 1500 ailəyə səfər edilmiş, 361 nəfərə psixoloji dəstək, 834 uşağa onlayn məşğələ keçirilmiş, 2446 ailəyə ərzaq yardımı, 1020 ailəyə məlumat vərəqəsi, 1562 nəfərə mərkəzlərin könüllüləri tərəfindən tikilmiş tibbi maskalar paylanılmışdır. Koronavirusla mübarizə kampaniyası çərçivəsində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 8625 nəfər bəhrələnmişdir.

Vətən müharibəsi dönəmində müvəqqəti olaraq sığınacaqlara yerləşdirilən ailələrə səfərlər edilmiş, onların tibbi-sosial-hüquqi problemləri araşdırılaraq, psixososial dəstək göstərilmişdir, eyni zamanda sığınacaq şəraitində 450 uşağa inkişafetdirici məşğələlər keçirilmişdir.

Həmçinin 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən Komitənin sədr müavinləri tərəfindən Azərbaycanın Naftalan, Ağdaş, Sabirabad, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında vətəndaşların regional qəbulu keçirilmiş və 964 müraciətə baxılmışdır.

(Qeyd: Aprel ayından etibarən pandemiya dövrünün tələblərinə uyğun olaraq regional qəbullar onlayn formatda həyata keçirilməyə başlanmışdır.)