Komitənin sədr müavini Aynur Sofiyeva "İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı" mövzusunda videokonfransda çıxış edib

25 dekabr 2020

Paylaş:

25 dekabr 2020-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfrans keçirilib.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri istiqamətində tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, bu istiqamətdə Komitənin üzərinə düşən vəzifələrdən bəhs edərək, bu məqsədlə layihələrin nəzərdə tutulduğunu qeyd edib.

Çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əhəmiyyətindən danışaraq dayanıqlı inkişaf məqsədlərində, işğaldan azad edilmiş ərazilərin quruculuğunda gənclərin iştirakının vacib amil olduğunu bildirib.

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən birinin işğaldan azad olunmuş ərazilərimizin bərpası və bu prosesdə Azərbaycan gəncliyinin də fəal iştirak etməsinin əhəmiyyətini qeyd edib.

Milli Məclisin deputatı Nigar Arpadari işğaldan azad edilmiş rayonların zəngin resursları, yaradılacaq yeni infrastrukturun həmin ərazilərdə yaşayan insanların, o cümlədən gənclərin rifahına öz müsbət təsirini göstərəcəyini vurğulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib ki, ilk növbədə işğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev isə deyib ki, işğaldan azad edilmiş ərazilərimizdə yaşayışın bərpa olunması, həyatın canlanması gənclərin dayanıqlı və fərdi inkişafına əhəmiyyətli təsirini göstərəcək.

Sonda videokonfrans iştirakçılarının sualları cavablandırılıb.