“Uşaq Səfirlər Məclisi”nin üzvləri Britaniyalı təhsil işçisi ilə görüşüb

22 dekabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Səfirlər Məclisi”nin üzvlərinin təşəbbüsü əsasında Britaniyalı müəllim Maksvel Southern ilə görüş təşkil edilib.

Görüşün təşkilində məqsəd müharibə zamanı uşaqların hədəf alınması və müharibənin uşaqlarda yaratdığı psixoloji travmaların, həmçinin hazırda davam edən COVİD-19 pandemiyası səbəbindən məktəblərin bağlanması və bunların şagirdlərə təsirinin müzakirə edilməsi olmuşdur.

Maksvel Southern tarix müəllimi olaraq ötən aylarda bölgədə baş verən hadisələri yaxından izlədiyini qeyd etmiş, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin, xüsusən də döyüş zonasından uzaqda yerləşən şəhərlərin atəşə tutulması və mülki əhalinin hədəf seçilməsi nəticəsində uşaqların zərər görməsi və öldürülməsindən təsirləndiyini bildirmişdir. O, xüsusilə diqqətə çatdırmışdır ki, uşaqların fövqəladə vəziyyətlərdə və müharibələr zamanı hüquqlarının müdafiəsi prioritet olmalı, onlara qarşı təcavüzdən hər bir dövlət çəkinməlidir.

Daha sonra Maksvel Southern COVİD-19 pandemiyası səbəbi ilə məktəblərin bağlanması və bunların şagirdlərə təsirindən danışmış, eləcə də pandemiya dövründə təhsilin fasiləsiz təşkili istiqamətində Britaniya təcrübəsini uşaqlarla bölüşmüşdür.

Uşaq Səfirlər Britaniya təcrübəsinin bu sahədə maraqlı olduqlarını qeyd edərək, mövzu ətrafında onları maraqlandıran sualları qonağa ünvanlamış və öz fikirlərini bölüşmüşlər.