Məişət zorakılığı və uşaq hüquqları sahəsində qəbul edilmiş Milli Fəaliyyət Planlarının videokonfrans formatında müzakirəsi keçirildi

18 dekabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasından irəli gələn məsələlərin müzakirəsi ilə əlaqədar dövlət orqanları və digər qurumların nümayəndələrinin iştirakı ilə 18 dekabr 2020-ci il  tarixində videokonfrans formatında tədbir keçirib.

Tədbir iştirakçılarını salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova konfrans mövzusunun çox aktual olduğunu vurğulayaraq, pandemiya və hərbi vəziyyət şəraitində ölkə əhalisinin sosial-iqtisadi vəziyyətini, təhlükəsiz həyatını və hüquqlarının qorunmasını diqqətdə saxladığının bariz nümunəsi kimi adıçəkilən sənədlərin  qəbuluna görə ölkə Prezidentinə təşəkkürünü bildirdi, həmçinin videokonfrans iştirakçılarını Vətən müharibəsininin uğurla başa çatması və Zəfər bayramı münasibətilə təbrik etdi.

Ölkə Prezidentinin yeritdiyi sosial siyasət və imzaladığı hər iki sənədin məqsədi barədə giriş sözü ilə çıxış etmək üçün sözü Baş Nazirin müavini Əli Əhmədova verdi. Əli Əhmədov çıxış edərək dövlət siyasətində uşaqlara qayğı, uşaq hüquqlarının qorunması, təhsil alması, sağlam böyüməsi və həyata hazırlanması üçün geniş proqramın mövcud olduğunu və həmin proqramın həyata keçirilməsi üçün bir sıra dövlət qurumlarının sistemli şəkildə fəaliyyət göstərdiyini qeyd edib. O bildirib ki, istər uşaqların sağlam böyuməsi üçün Azərbaycanın geniş səhiyyə strategiyasının olması, səhiyyə infrastrukturunun yaradılması və lazım olan digər tədbirlərin görülməsi, istər uşaqların təhsil alması üçün lazım olan bütün sistemli tədbirlərin həyata keçirilməsi Azərbaycanda uşaq hüquqlarının qorunması ilə əlaqədar fundamental dəyərlərin həm mənimsənildiyinin, həm də ardıcıl şəkildə həyata keçirildiyinin bariz ifadəsi kimi qiymətləndirilməlidir.

Ə.Əhmədov Azərbaycan cəmiyyətinin uşaqların həyata hazırlanması, onların gələcəkdə özlərinin əldə etdiyi bilik və bacarıqlarını tətbiq etməsi üçün imkanların yaradılmasını özündə ehtiva etdiyini vurğulayıb. Baş nazirin müavini bildirib ki, ölkəmizin uşaq hüquqlarının qorunması ilə əlaqədar beynəlxalq konvensiyasiyalara qoşulması Azərbaycan dövlətinin bir sıra öhdəlikləri öz üzərinə götürməsini nəzərdə tutur və bu vəzifələr də ardıcıl surətdə yerinə yetirilməlidir.

Uşaqlarla bağlı cəmiyyətdə mövcud olan problemlərə toxunan Əli Əhmədov qeyd edib ki, qəbul olunmuş sənədlərin həyata keçirilməsi ardıcıl surətdə mövcud olan problemlərin aradan qaldırılmasını təmin etmiş oldu. O, Azərbaycanın bütün bölgələrində uşaqların istər sağlamlıq, istər təhsil baxımından bərabər imkanlara malik olması istiqamətində atılan addımların daha da genişlənmsinə ehtiyac olduğunu bildirib.

Daha sonra qeyd edilən sənədlərdən irəli gələn məsələlərlə bağlı çıxış edən Bahar Muradova vurğulayıb ki, Məişət zorakılığı Milli Fəaliyyət Planı məlumatlandırma və maarifləndirmə tədbirlərinin, habelə zorakılığa yol verilməməsinin  təşviqi, zərər çəkmiş şəxslərin aşkarlanması və erkən identifikasiyası; bu şəxslərin müasir standartlara uyğun yardım xidmətləri ilə təmin olunması, məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiə sisisteminin formalaşdırılması və digər tədbirləri özündə ehtiva edir.

Statistik rəqəmləri diqqətə çatdıran Komitə sədri bildirib ki, 2019-cu il ərzində məişət zorakılığı ilə bağlı 1380 cinayət törədilmiş, bu cinayətlər üzrə 1358 nəfər şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır ki, onlardan 1038 nəfəri qadın, 12 nəfəri isə yetkinlik yaşına çatmayan qız olmuşdur: “Eyni zamanda ötən il qadınlara qarşı 5706, o cümlədən zorakılıqla bağlı 2269 cinayət qeydə alınmışdır ki, bu cinayətlərin 18 %-i ailə-məişət münaqişəsi zəminində baş vermişdir. Bu rəqəmlər kifayət qədər ciddidir. Gələcəkdə bu sahədə artımın müşahidə olunmaması üçün  icraçı, o cümlədən, işçi qruplarda təmsil olunan qurumlar bu sahədə daha  peşəkar kadrlarla  işləməyə üstünlük verməlidirlər.”

Daha sonra “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” haqqında məlumat verən Komitə sədri bildirib ki, Strategiyada məqsəd ölkə üzrə uşaqların müdafiə sistemini Konstitusiyamızın tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan ibarətdir. O cümlədən, bütün uşaqlar üçün bərabər imkanlar yaratmaq, onların maraqlarını qorumaq, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etmək və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdir. O diqqətə çatdırıb ki, uşaqların müdafiəsi və inkişafı, hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Bu gün Azərbaycan əhalisinin 26.2 faizini uşaqlar təşkil edir.

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın Azərbaycan Respublikasında uşaq siyasətinin əsas hədəflərini müəyyən edən uşaqlara dair strategiyanın icrasını təmin etmək üçün iclasda iştirak edən qurumların nümayəndələri ilə cari ilin iyul-avqust aylarında birgə hazırlanmış birinci Fəaliyyət Planı olduğunu qeyd edərək sənədin məqsədinin uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizmlərin formalaşması və aidiyyəti orqanların (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsi olduğunu vurğulayıb. O, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın bəndləri üzrə məlumatların vahid platformada toplanılması və elektronlaşdırılmasının vacibliyini qeyd edərək əlavə edib ki, bu, icraçı qurumlara vahid platforma üzərindən müvafiq məlumatların daha çevik formada ötürülməsi işində vacib rol oynayacaqdır.

İnsan hüquqlarının müdafiəsi və məişət zorakılığının qarşısının alınması istiqamətində güclü qanunvericilik bazasının mövcud olduğunu diqqətə çatdıran Ombudsman Səbinə Əliyeva bildirib ki, qadın və uşaq hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaqların hərtərəfli və keyfiyyətli təhsillə təmin edilməsi, sağlam böyüməsi, hərtərəfli qayğı ilə əhatə olunması, layiqli vətəndaş kimi formalaşması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən S.Əliyeva qeyd edib ki, Ombudman Aparatı sözügedən hər iki sənədin hazırlanmasında yaxından iştirak edərək, öz təkliflərini vermişdir. Vurğunıb ki, Fəaliyyət Planlarında Ombudsmanın icrası üçün nəzərdə tutulmuş bəndlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində bundan sonra da hərtərəfli iştirak təmin ediləcəkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev çıxışında məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi istiqamətində Nazirlik tərəfindən görülən işlər və akkreditasiya olunmuş yardım mərkəzlərinin yaradıldığını qeyd edərək, bu mərkəzlərin fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışları məqsədilə xidmət göstərən günərzi mərkəzləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzləri və digər sosial xidmət mərkəzlərini qeyd edərək onların əhalinin bu xidmətlərdən hərtərəfli yararlandığını diqqətə çatdırıb.

Təhsil Nazirinin müavini Firudun Qurbanov bildirib ki, uşaqların inkişaf strategiyası ilə bağlı qəbul edilən milli fəaliyyət planı çox böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Təhsil Nazirliyi hər iki milli fəaliyyət planının icrası istiqamətində artıq fəaliyyətə başlayıb. O qeyd edib ki, ölkəmizin təsil sistemində təxminən 2 milyon uşaq və gəncin təhsil aldığını nəzərə alaraq Nazirlik qeyd olunan sənəd üzrə öz öhdəsinə düşən məsuliyyəti dərk edir və həyata keçirilməsi istiqamətində lazım olan bütün addımları atacaqdır.

Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxışında bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hər iki Fəaliyyət Planı ciddi şəkildə təhlil olunmuş və müəyyən edilən müvafiq bəndlər mütləq vəzifə kimi qəbul edilmişdir. Fəaliyyət Planlarının bütün bəndlərinin icra olunması istiqamətində aidiyyəti qurumların səmərəli əməkdaşlığı bu işin görülməsinə öz töhfəsini verəcəkdir.

Yekun nitqi ilə çıxış edən Baş Nazirin müavini Əli Əhmədov, ölkə Prezidenti tərəfindən təsdiqlənmiş sənədlərin icrasını ciddi şəkildə həyata keçirilməsi və icra prosesi ilə əlaqədar təklif və tövsiyələrini səsləndirdi, faydalı müzakirə üçün videokonfrans iştirakşılarına təşəkkür etdi.

Tədbirdə Fəaliyyət Planları üzrə icraçı və tövsiyə olunan qurumların rəhbər vəzifəli şəxsləri iştirak edib.