Görkəmli Azərbaycan alimi, akademik Adilə Namazovanın vəfatı ilə bağlı başsağlığı
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi Azərbaycanın görkəmli alimi, pediatr, tibb elmləri doktoru, professor, akademik xanım Adilə Namazovanın vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.
Ömrünün 94-cü ilində dünyasını dəyişən Adilə Namazova Azərbaycanın ilk qadın pediatrı kimi 70 ildən çox müddətdə tibb elmində vacib xidmətləri olan əməkdar elm xadimi kimi tanınmışdır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.
O, ömrünün böyük bir hissəsini tibb elminin sirlərinin öyrənilməsinə, xüsusən körpələrin, uşaqların xəstəliklərinin müalicəsinə yönəltmiş, uşaqlarda anadangəlmə ürək qüsurlarının müalicəsi istiqamətində çoxtərəfli və dərin elmi tədqiqatlar aparmışdır.
Sovet hakimiyyəti illərində öz səmərəli fəaliyyəti və peşəkarlığı ilə seçilən A. Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilərək, belə yüksək elmi ada layiq görülən ilk azərbaycanlı qadın alim adını qazanmışdır. Adilə Namazova 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri olmuş və 1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. Zəhmətkeş və məsuliyyətli fəaliyyətinin nəticəsində “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.
Elmi, pedaqoji və həkimlik fəaliyyəti ilə bərabər Adilə Namazova ictimai sahədə də çox fəal çalışmışdır. O, lider qadın və fədakar ana kimi səmərəli ictimai fəaliyyəti ilə Azərbaycan qadınları üçün parlaq nümunəyə çevrilmişdir.
Adilə xanım Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə 15 ilə yaxın müddətdə fəal əməkdaşlıq edərək qadın, uşaq və ailələri əhatə edən layihələrə aktiv şəkildə qoşulmuş və zəngin təcrübəsini gənc nəsil arasında bölüşmüşdür.
O, eyni zamanda Komitənin bölgələrdə, xüsusilə də, cəbhəyanı ərazilərdə yaşayan uşaqlarla bağlı həyata keçirdiyi layihələrdə həkim mütəxəssis kimi könüllü şəkildə yaxından iştirak edərək, uşaqların sağlamlığının profilaktikası istiqamətində əvəzsiz töhfələrini vermişdir.
Bir daha mərhumun vəfatından kədərləndiyimizi bildirərək, ona Allahdan rəhmət diləyirik.