“Pandemiya dövründə sağlam həyat tərzinin vacibliyi” mövzusunda onlayn tədbir keçirilib

25 noyabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirmə tədbirləri həyata keçirir. 

Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq 25 noyabr 2020-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad kollecinin tələbələri üçün “Pandemiya dövründə sağlam həyat tərzinin vacibliyi” adlı onlayn tədbir keçirilib.

Giriş nitqi ilə çıxış edən Kollecin Tərbiyə işləri üzrə direktor müavini Murad Muradov iştirakçıları salamlayaraq təşkilatçılığa görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə minnətdarlığını bildirib və tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək ailələrin sağlamlığının təmin edilməsinin, onların sosial rifahının yaxşılaşdırılmasının dövlətimizin daim diqqət mərkəzində olduğunu, dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı elan olunmuş karantin dövründə də dövlət siyasətinin ən vacib məqamlarından biri kimi qaldığını vurğulayıb. Respublikamızda uşaq və gənclərin fiziki və mənəvi cəhətdən sağlam nəsil kimi formalaşması üçün hər cür şəraitin mövcudluğunu qeyd edən K.Əliyeva bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə müxtəlif qanun layihələri hazırlanmış, qəbul olunmuş, qanunvericiliklə bağlı sənədlərə dəyişiklər və təkliflər edilmişdir. O, bu istiqamətdə mütəmadi olaraq paytaxtda və regionlarda müxtəlif maarifləndirmə layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. 

Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Ülkər Camalova “COVID-19 zamanı sağlam həyat tərzi” adlı təqdimatla çıxış edib. O, tələbələri sağlam həyat tərzinin əsas komponentləri barədə məlumatlandıraraq, sağlam qidalanmanın, şəxsi gigyenanın vacibliyindən, ziyanlı vərdişlərin insan sağlamlığına olan mənfi təsirindən bəhs edib. Ü.Camalova çıxışında həmçinin yeni növ koronavirus (COVİD-19) infeksiyasından qorunmaq üçün xüsusi vasitələrdən istifadə etməyə tövsiyə edib.

Tədbirin sonunda bir daha hər bir insanın öz sağlamlığının qeydinə qalmasının vacibliyi qeyd olunub. 

Tədbirdə 40-dan çox tələbə iştirak edib.