Komitə əməkdaşları Gəncədə baş verən terror zamanı valideynlərini itirən azyaşlı Xədicəni ziyarət ediblər
Paylaş:
Ermənistanın siyasi rəhbərliyi tərəfindən Gəncə şəhərinə edilən hərbi cinayət nəticəsində hər iki valideynini və bacısını itirən 3 yaşlı Şahnəzərli Xədicə və onun yaxın qohumları bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən ziyarət edilib.
Məlumat üçün bildiririk ki, Komitənin Gəncə şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin mövcud olmaması səbəbindən Göygöldə yerləşən Mərkəzin əməkdaşları azyaşlı Xədicənin ata və ana qohumları ilə növbəti dəfə görüşüb və tərəflər dinlənilərək fikirləri öyrənilib. Hər iki tərəf uşağı himayəyə götürməkdə maraqlı olduqlarını bildiriblər.
Hazırda ana nənəsinin himayəsində olan Xədicənin psixoloji vəziyyəti yenidən qiymətləndirilib və əhval-ruhiyyəsinin yaxşı olduğu qənaətinə gəlinib.
Azyaşlının qəyyumluğa verilməsi məsələsi haqqında aidiyyəti qurumlar tərəfindən uşağın ən yaxşı maraqları nəzərə alınmaqla qanuna müvafiq şəkildə qərar veriləcəkdir.
Qeyd edək ki, 3 noyabr 2020-ci il tarixində Komitə nümayəndələri ailəyə səfər edərkən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılaraq narahatçılığa səbəb olan video ilə bağlı əməkdaşlarımıza məlumat verilmişdir.
Bir daha nəzərinizə çatdırırıq ki, məsələ Komitənin nəzarətindədir.