Tvinninq layihəsi çərçivəsində məişət zorakılığından müdafiə mövzusu müzakirə edilib

5 noyabr 2020

Paylaş:

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” mövzusunda Tvinninq layihəsi çərçivəsində 4- 5 noyabr 2020-ci il tarixində onlayn formatda tədbir keçirilib.

Müzakirələr zamanı məişət zorakılığının kriminallaşdırılması üçün yerli mühitin qiymətləndirilməsi, eləcə də kənd yerlərindəki bələdiyyələrin gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yaradılmış monitorinq qruplarının işində daha fəal iştirak edəcəyi halda gözlənilən qarşılıqlı fayda, kənd bələdiyyələrinin monitorinq qruplarının işində iştirakına maneə törədən səbəblər, eləcə də kənd bələdiyyələrinin monitorinq qruplarına daxil edilməsinin bu qrupların işinə verə biləcəyi töhfə ilə bağlı məsələlər müzakirə olunub.

Müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, Bakı şəhəri üzrə bir neçə monitorinq qrupunun rəhbəri, bələdiyyə orqanlarının sədrləri, məişət zorakılığı ilə mübarizə üzrə ictimai birliklərin, eləcə də prokurorluq orqanlarının əməkdaşları iştirak edib.

Litvalı ekspertlər tərəfindən aparılan müzakirələrdə iştirakçılar yuxarıda qeyd olunan məsələlər ilə bağlı ekspertlərin çoxsaylı suallarını cavablandırıb, məişət zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətlər və bu sahədəki təcrübə barədə məlumat veriblər.

Sözügedən müzakirələrin aparılmasında məqsəd Monitorinq Qruplarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə müvafiq qanunvericiliyə düzəlişlər paketinin və kənd bələdiyyələrinin Monitorinq Qruplarının, eləcə də Uşaq və Ailə Dəstək Mərkəzlərinin tərkibinə daxil edilməsi üzrə strategiyanın hazırlanaraq təqdim olunmasıdır.

Qeyd edək ki, Litva və Avstriyadan olan tərəfdaş təşkilatlar və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin məqsədi məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsidir.