“Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyini təmin etmək və onları dəstəkləmək üçün dövlət qurumları və yerli səviyyəli istiqamətləndirmə mexanizmlərinin potensialının artırılması” üzrə Tvinninq layihəsinin təqdimatı keçirilib

15 oktyabr 2020

Paylaş:

15 oktyabr 2020-ci il tarixində “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyini  təmin etmək və onları dəstəkləmək üçün dövlət qurumları və yerli səviyyəli istiqamətləndirmə mexanizmlərinin potensialının artırılması”  üzrə Tvinninq layihəsinin təqdimatı məqsədilə açılış konfransı keçirilib. 

Açılış konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, layihə rəhbəri, Litva Respublikasının Sosial Təminat və Əmək nazirinin müavini xanım Egli Radisauskieni, Avropa İttifaqının, Litva və Avstriya Respublikasının nümayəndələri iştirak edib.

Görüşü giriş nitqi ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, Komitə artıq ikinci Tvininq layihəsini həyata keçirir. Daha əvvəl həyata keçirilmiş “Həssas qrupdan olan ailələr, qadınlar və uşaqların hüquqlarının təşviqi və müdafiəsi məqsədi ilə AQUPDK-nın imkanlarının artırılması” adlı “Tvinninq”  layihəsi 2011-2013-cü illəri əhatə etməklə, Avropa İttifaqının maliyyə dəstəyi ilə  Fransa Respublikasının Həmrəylik və Sosial Birlik Nazirliyi ilə birgə  həyata keçirilmişdir.

Həmçinin Komitənin sədr müavini S. Qəhrəmanova bütün dünya ölkələrində COVİD-19 pandemiyası ilə bağlı yaranmış məhdudiyyətlər və son həftələr ərzində baş vermiş hərbi vəziyyətlə bağlı məlumat verərək vurğulayıb: “Bu gün respublikamız çətin bir tarixi dövrü yaşamaqdadır. Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan mövqelərini, yerli əhalinin məskunlaşdığı yaşayış məntəqələrini, inzibati binaları, tibb məntəqələrini, sosial obyektləri, təhsil müəssisələrini iriçaplı artilleriya qurğuları, və müxtəlif növ silahlarla intensiv şəkildə atəşə tutmuşdur. Ermənistan tərəfinin törətdiyi təxribatçı əməllərin qurbanı daha çox mülki əhali – uşaqlar, qadınlar, yaşlı insanlardır. 11 oktyabr 2020-ci il tarixdə gecə saat 2 radələrindən etibarən cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinə təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya qurğuları və raketlərdən açılan atəş nəticəsində mülki əhali qəsdən hədəf seçilərək qətlə yetirilmiş və yaralanmışdır. Dünya ictimaiyyətinin diqqəti bu gün Azərbaycandadır”.

Sədr müavini çıxışı zamanı Tvinninq layihəsi çərçivəsində reallaşacaq  3 əsas komponent (məişət zorakılığı qurbanları üçün Milli İstiqamət Mexanizminin yaradılması, məişət zorakılığına məruz qalanlara hüquqi və psixoloji yardım mexanizminin yaradılması və zorakılıq törədənlərin Reabilitasiya Proqramı) üzrə planlaşdırılmış tədbirlər haqqında məlumatları diqqətə çatdırıb.

Daha sonra çıxış edən layihə rəhbəri Egli Radisauskieni layihənin ilkin iş planı haqqında məlumat verərək, yaxın müddətdə nəzərdə tutulan təşəbbüslər haqqında danışıb.

Görüşün sonunda Tvinninq layihəsinin İş Planı təsdiqlənib və gələcək fəaliyyətlər üzrə əsas istiqamətlər müəyyən olunub.