“Gender məsul şəxslərin vəzifələri və gender məsələlərinin təhlili” mövzusunda keçirilən təlim haqqında məlumat

16 oktyabr 2020

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) dəstəyi ilə 16 oktyabr 2020-ci il tarixində “Gender məsul şəxslərin vəzifələri və gender məsələlərinin təhlili” mövzusunda onlayn təlim keçirmişdir.

Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək gender bərabərliyinin təbliğ olunması, gender əsaslı zorakılığın  qarşısının alınması istiqamətində gender məsələləri üzrə məsul şəxslərin üzərinə düşən vəzifələrdən bəhs edərək bu sahələrdə təhlillərin, araşdırmaların aparılmasının vacibliyini qeyd etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri, profesor Rəna Mirzəzadə təlimçi qismində çıxış edərək dövlət qadın siyasəti, gender məsul şəxslərin çalışdıqları qurumlarda gender bərabərliyinin təmin olunması və gender mədəniyyətinin təbliğ olunması istiqamətində işlərin həyata keçirilməsi və vəzifə təlimatları barədə məlumat vermişdir.

   Bakı Dövlət Universitetinin Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi Nigar Səfərova təlimçi qismində çıxış edərək iştirakçılara  gender məsələlərinin təhlili,  gender bərabərliyinin təmin olunmasının “SWOT” təhlili, yanaşma və strategiyası, gender həssas göstəricilər və s. mövzular haqqında iştirakçılara məlumat vermişdir.

Təlimdə Kənd Təsərrüfatı Nazirliyinin, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mənzil İnşaatı Dövlət Agentliyinin,  Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Bakı Nəqliyyat Agentliyinin, Dövlət Miqrasiya Xidmətinin gender məsələləri üzrə məsul şəxsləri iştirak etmişdir.

   Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında geniş müzakirələr aparılmışdır.