Vətənpərvərlik nümunəsi göstərən əməkdaşımızla fəxr edirik

15 oktyabr 2020

Paylaş:

27 sentyabr 2020-ci il tarixindən Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir, düşmənə sarsıdıcı zərbələr endirilir.

Davam edən döyüşlərdə Azərbaycan Ordusu artıq bir sıra kənd, rayon və şəhəri, eləcə də strateji yüksəklikləri işğaldan azad edib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün döyüşlərin başladığı ilk gündən etibarən Azərbaycan vətəndaşları könüllü olaraq ordu sıralarına qoşulmaq üçün müraciət ediblər. Bu sırada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları da vardır.

Məlumat üçün bildiririk ki, 27 sentyabr 2020-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəsk Mərkəzinin əməkdaşı, 1994-cü il təvəllüdlü Elmir Azər oğlu Ağalızadə Tərtər bölgəsində gedən döyüşlərdə ön cəbhədə vuruşarkən qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib. Elmir Ağalızadə yarası sağaldıqdan dərhal sonra öz istəyi ilə düşmənə qarşı vuruşmaq üçün yenidən döyüş bölgəsinə yollanıb.

Bu, hər bir Azərbaycan gəncinin vətənpərvərlik hissinin, Vətən torpağına, millətinə olan sevginin, onların ruh yüksəkliyinin nümunəsidir.

Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı haqlı mübarizədə şanlı Azərbaycan Ordusuna möhkəm iradə, tükənməz əzm arzulayırıq.

Qələbə bizimdir!

Qarabağ Azərbaycandır!