“Sağlam həyat naminə erkən nikaha YOX deyək!” adlı genişmiqyaslı layihə çərçivəsində növbəti tədbir Sumqayıt şəhərində keçirilmişdir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhalinin, xüsusilə gənclərin erkən və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar və sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirilməsi məqsədilə “Sağlam həyat naminə erkən nikaha YOX deyək” adlı layihə çərçivəsində növbəti tədbir 13 iyul 2016-cı il tarixində Sumqayıt şəhəri Tarix Muzeyində keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının müavini Lalə Hacıyeva tədbir iştirakçılarını salamlamış, erkən nikahların qarşısının alınması istiqamətində şəhərdə görülən işlərdən danışaraq layihənin əhəmiyyətini qeyd etmişdir.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək dövlətimiz tərəfindən bu sahədə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər barədə geniş məlumat verərək, milli-mənəvi və ailə dəyərlərimizin qorunmasının vacibliyini vurğulamışdır.
Aynur Sofiyeva bugün dövlət siyasətinin prioritet istiqamətlərindən birini ailə siyasətinin təşkil etdiyini bildirmiş, ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışaraq Azərbaycan ailəsinin sosial statusunun yüksəldiyini qeyd etmişdir.
Bununla yanaşı, fundamental dəyərlərə söykənən Azərbaycan ailəsinə qloballaşma şəraitində təsir göstərən mənfi proseslərin olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra tədbir iştirakçlarına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə çəkilmiş “Həyat pilləkanı” adlı sosial çarx nümayiş olunmuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov mövzu ilə bağlı təqdimat
nümayiş etdirərək, erkən nikahların ailədə və cəmiyyətdə törətdiyi
fəsadlar barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev çıxış edərək bu kimi maarifləndirmə tədbirlərinin əhəmiyyətli olduğunu bildirmiş, erkən nikah probleminin qarşısının alınmasında mühüm rolun cəmiyyətin üzərinə düşdüyünü qeyd etmişdir.
Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Elvin Salayev erkən nikah hallarının hüquqi aspektləri barədə geniş məlumat verərək, xüsusilə bu sahədə müvafiq dövlət qurumlarının birgə iş zərurətinin artırılmasının vacibliyini qeyd etmişdir.
Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin inspektoru Asəm Eyvazov tədbirin əhəmiyyətini vurğulayaraq, erkən nikah hallarının qarşısının alınması istiqamətində valideynlər üzərinə düşən öhdəliklər barədə məlumat vermişdir.
Sumqayıt Şəhər Təhsil şöbəsinin müdiri Ruhiyyə Tağıyeva çıxış edərək erkən nikahın cəmiyyəti narahat edən problemlərdən olduğunu qeyd etmiş, qızların təhsil imkanlarının azaldılmasına, onların cəmiyyətdən təcrid olunmasına səbəb olduğunu vurğulamışdır. O, həmçinin məktəb psixoloqlarının iş keyfiyyətlərinin artırılması istiqamətində tədbirlərin gücləndirilməsinin zəruri olduğunu bildirmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov milli-mənəvi dəyərlərimizin dövlətimizin təməl dəyərlərindən olduğunu qeyd etmiş, din və ailə mövzusunda çıxış etmişdir.
“Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai birliyinin sədri Zemfira Mustafayeva erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirləri qeyd edərək, təşkilatın fəaliyyəti barədə geniş məlumat vermişdir.
Sonda mövzu ətrafında müzakirələr aparılmışdır. Müzakirələrdə gənclər fəal iştirak etmiş, faydalı təkliflər vermişdirlər.
Tədbir iştirakçılarına Komitə tərəfindən çap olunmuş maarifləndirmə vəsaitləri təqdim edilmişdir.